Yüngül çəki döyüşçüsü Den Huker UFC Qatar turnirində Brayan Ortega ilə qarşılaşmaya hazırlaşır. Yeni zelandiyalı idmançı bu döyüşdə özünü tam gücü ilə göstərəcəyini bildirib və rəqibinə açıq mesaj göndərib.
Offsideplus.az xəbər verir ki, Huker mətbuat konfransında çıxış edərək karyerasını yenidən yüksəlişə çıxarmaq istədiyini vurğulayıb: "Gəmini düzgün istiqamətə yönəltmək istəyirik. Brayan bu iş üçün ideal rəqibdir. O, böyük ad sahibidir, keçmiş titul iddiaçısıdır. Biz əvvəllər eyni turnirdə çıxış etmişik. Bu döyüşü özüm istəmişəm və UFC-yə müraciət etmişəm. Mövqeyimdən və qarşılaşmadan razıyam."
Huker rəqibinin UFC-nin ən güclüləri ilə döyüş təcrübəsinə hörmətlə yanaşsa da, geri çəkilmək niyyətində olmadığını bildirib: "O, atışma istəyir? Mən iki silahla gəlmişəm, döyüşə tam hazıram."
Den Huker əlavə edib ki, karyerasında yeni səhifə açmaq üçün bu döyüşdən qələbə ilə ayrılmaq niyyətindədir: "Gəmini düzgün istiqamətə yönəltməliyik. Hələ çox döyüşmək gücüm var. Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. City Kickboxing-də güclü komanda yığmışıq, orada reytinqdə ilk onluqda olan idmançılar, gənc və təcrübəli peşəkarlar var."
Den Huker və Brayan Ortega arasındakı qarşılaşma şənbə günü UFC Qatar turnirində baş tutacaq.


