Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Şəhər Stadionundakı "Kəpəz" Məşq Mərkəzi və Futbol Akademiyasını ziyarət edib.
Offsideplus.az xəbər verir ki, şəhər rəhbəri əvvəlcə bazada yaradılan şəraitlə tanış olub. "Kəpəz" PFK İctimai Birliyinin İdarə Heyətinin sədri Anar Abdullayev görülən işlər və klubun gələcək planları barədə məlumat verib.
Daha sonra icra başçısı ehtiyat meydançada məşq edən əsas komandanın üzvləri ilə görüşüb. O, Misli Premyer Liqasının XII turunda, noyabrın 22-də doğma meydanda "Qarabağ"la qarşılaşacaq komandaya uğurlar arzulayıb:
"Sizi həftəsonu çox çətin oyun gözləyir. Hamımız tribunadan komandamızı sonadək dəstəkləyəcəyik. İnanıram ki, "Qarabağ"la matçda qalib gəlib azarkeşləri sevindirəcəksiniz".
Anar Abdullayev də öz növbəsində göstərilən diqqətə və məsul oyun ərəfəsində verilən motivasiyaya görə icra başçısına minnətdarlığını bildirib.
Məşq prosesini izləyən Niyazi Bayramov rəhbər heyətlə fikir mübadiləsi aparıb. Sonda şəhər rəhbərinə klub adından hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib.


