"Zenit"in baş məşqçisi Sergey Semak "Rubin"lə qarşıdakı oyunda hansı milli komanda üzvlərinin iştirak edəcəyinin hələ dəqiqləşmədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, Semak Kazanda keçiriləcək qarşılaşma öncəsi rəqibin baş məşqçi dəyişikliyindən sonra daha yaxşı nəticələr əldə etdiyini vurğulayıb. O qeyd edib ki, "Rubin" əvvəldən maraqlı təsir bağışlayırdı, az qol buraxır, lakin çox da qol vurmur. "Rubin"lə heç kimə asan olmur və yeni baş məşqçi ilə nəticələr daha da yaxşılaşıb. Bu, klub rəhbərliyinin də istədiyi idi.

Semak milli komandaların oyunçularının vəziyyəti ilə bağlı qərarın matç günü veriləcəyini deyib: "Alep və Duqlas Santos komandaya qayıdıb, Veqa və Andrade isə hələ dönməyib. Onlar çatacaq, ya yox, hələ məlum deyil. Kimlərin oynayacağına şənbə günü qərar verəcəyik".

Baş məşqçi "Trabzonspor"la yoldaşlıq oyununda əsas üstünlüyün 45 min azarkeşin stadionda yaratdığı atmosfer olduğunu bildirib. O əlavə edib ki, bu qarşılaşmada gənclərə və meydanda az görünən futbolçulara şans verilib, əsas heyət üzvləri də məşq əvəzinə real oyun təcrübəsi qazanıb.

Semak "Rubin"lə qarşılaşmanın çətin və gərgin mübarizə şəraitində keçəcəyini, rəqibin müdafiədə yaxşı oynadığını və standart vəziyyətlərdə təhlükəli olduğunu vurğulayıb. "Son oyunlarımız asan keçmir, bu qarşılaşma da istisna olmayacaq", – deyə o bildirib.