Futzal üzrə Azərbaycan Yüksək və I Liqasının 2026/2027-ci illər mövsümünün tanıtım və püşkatma mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, "Radisson Hotel Baku"da təşkil olunan tədbirdə çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev Futzal Federasiyasının artıq assosiasiyanın nəzdində departament kimi fəaliyyət göstərdiyini, yeni mövsümdə çempionatın formatının dəyişdiyini və milli komandada bundan sonra yalnız azərbaycanlı oyunçuların çıxış edəcəyini vurğulayıb.
Tədbirdə "Carlsberg Azerbaijan" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb, həmçinin futzalın yeni loqosu və himni təqdim olunub.
Futzal və çimərlik futbolu üzrə departamentin rəhbəri Fərid Babayev bildirib ki, yeni mövsümdə ümumilikdə 21 komanda mübarizə aparacaq (Yüksək Liqada 10, I Liqada 11). Bundan əlavə, 6 komandanın iştirakı ilə U-19 liqası da yaradılıb. Yüksək Liqada ilk mərhələdən sonra 1-6-cı yerləri tutanlar "Çempionluq qrupu"nda (A qrupu), 7-10-cu pillələrin sahibləri isə "Prestij qrupu"nda (B qrupu) yarışacaq və xallar sıfırlanacaq. Sonuncu yerin sahibi I Liqaya düşəcək, 9-cu pilləni tutan isə pley-off oynayacaq. I Liqa isə 2 dövrəli sistemlə keçiriləcək.
Daha sonra dünya çempionu Tofiq Əliyevin iştirakı ilə püşkatma baş tutub və I turun cütləri müəyyənləşib:
Yüksək Liqa (I tur):
"Marafon İK" – "Şuşa"
"İmişli" – "Xankəndi"
"Baku Fire" – "Atidel Ordubad"
"Yasamal Bakı" – "Araz-Naxçıvan"
"Rəvan" – "Neftçi İK"
I Liqa (I tur):
"Ulduz Bakı" – "Baku Fire-1"
"MC Finans" – "Metropoliten"
"Star Kargo" – "Neftçala"
"Bakı" – "İçərişəhər"
"Xəzər" – "Xan Lənkəran"
İstirahət edən komanda: "Timsport"


