"Misli Premyer Liqasında çıxış edən bütün klublara futzal çempionatına komanda buraxmaqla bağlı müraciət etmişik".

Offsideplus.az xəbər verir ki, bu sözləri AFFA-nın Futzal və çimərlik futbolu üzrə departamentinin rəhbəri Fərid Babayev keçirdiyi brifinqdə deyib.

O, elit klublardan yalnız "İmişli"nin bu mövsüm yarışa qoşulduğunu, digərlərinin isə növbəti ildən iştirak edəcəklərini bildirdiyini qeyd edib:

"Bütün klublar müraciətimizə cavab verdilər. Hazırda "Araz-Naxçıvan" və "Neftçi" çempionatda oynayır, "İmişli" isə yeni qoşuldu. Digər klublar sentyabrda müraciət etdiyimiz üçün planlarını buna uyğun qura bilmədiklərini, lakin gələn mövsümdən qoşulacaqlarını bildirdilər. İnanırıq ki, gələcəkdə məcburiyyət olmadan özləri gələcəklər. Çünki futzal böyük futbolun da bazası ola bilər — Neymar və bir çox ulduz futbolçu futzaldan çıxıb".

F.Babayev çempionatda çıxış edəcək bütün oyunçuların lisenziyalaşdırıldığını da vurğulayıb:

"AFFA-nın sistemində lisenziyası olmayan heç bir oyunçu meydana buraxılmayacaq. Heyətlərdə həm peşəkar, həm də həvəskar futzalçılar var. Hədəfimiz həvəskarları inkişaf etdirib peşəkar səviyyəsinə çatdırmaqdır".