"Orlando"nun forvardı Paolo Bankero topuq zədəsindən bərpa prosesi barədə danışıb və meydana nə vaxt qayıda biləcəyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, gənc ulduz yaxın iki həftə ərzində oynamağa başlamağı ümid etdiyini bildirib. Bankero ikinci oyunda "Minnesota"ya qarşı zədələnib və tez qayıtmaq istəmədiyini, tam sağalmadan meydana çıxmağın gələcəkdə problemlərə səbəb ola biləcəyini vurğulayıb. "Bu, asan zədə deyil və istəmirəm ki, gələcəkdə məni narahat etsin. Tam sağalmaq lazımdır. Bəzən oyunçular tez qayıdır, amma zədə onları sonradan da narahat edir. Mən isə tam bərpa olmaq istəyirəm. Mövsüm yeni başlayıb və pley-offa yaxın komandama kömək etmək istəyirəm. Oynamağa can atıram, eyni zamanda komanda yoldaşlarımın çıxışını izləməkdən zövq alıram", – deyə Bankero qeyd edib.
Hazırda "Orlando" 14 oyundan sonra Şərq konfransında 6 qələbə, 8 məğlubiyyətlə səkkizinci pillədə qərarlaşıb.


