Argentinalı veteran futbolçu Xuan Sebastyan Veron gənc oyunçular Niko Pas və Franko Mastantuononun çıxışını dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, Veron Niko Pası qeyri-adi istedada sahib oyunçu kimi xarakterizə edib və onun gələcəyin ulduzu ola biləcəyini bildirib. "Niko Pas – inanılmaz istedaddır. Gələcək ona məxsusdur. Əgər peşəkar davranışını davam etdirsə, böyük uğurlar qazana bilər. 22 yaşında bu səviyyəni yalnız Messidə və Maradonada görmüşdüm. Onun bu zirvəyə çatacağına zəmanət vermirəm, çünki bu, onu dövrünün simvoluna çevirmək demək olardı. Amma Nikoda bütün keyfiyyətlər var və ümid edirəm, bacaracaq. Məni ən çox təsirləndirən onun meydandakı xarakteri və hər şeyi asanlıqla etməsidir. Komanda yoldaşları onu meydanda daim axtarır, çünki bilirlər, rəqibi keçib pressinqdən çıxacaq. Bu, onun istedadının hər kəs tərəfindən qəbul olunduğunu göstərir. Niko liderdir: meydanda hərəkətləri, mövqe seçimi və oyunu idarə etməsi ilə bunu sübut edir. O, hücumun istiqamətini özü seçir və oyunun tempini müəyyənləşdirir. Mən fərqli dövrlərin futbolçularını müqayisə etməyi sevmirəm, amma etiraf etməliyəm ki, Pas bir növ Verondur, sadəcə, rəqib qapısına iyirmi metr daha yaxın oynayır. O, tam sərbəstdir: qol vura, assist edə və ya həlledici ötürmə verə bilər. Argentina millisinin Messi sonrası dövr üçün ən dəyərli oyunçularından biridir. Mövqeyinə görə daha çox hücumçuya bənzəyir, amma meydanı mükəmməl görür və oyunun ritmini hiss edir."

Veron Franko Mastantuononu da yüksək qiymətləndirib: "Franko Mastantuono da böyük potensiala malikdir: driblinqə asan gedir, sürətlidir və tez qərar verir. Amma Niko Pasla müqayisədə hələ tam yetkin deyil, bu da təbiidir, çünki 2007-ci il təvəllüdlüdür və Nikodan üç yaş kiçikdir. Lakin texnikası, cəsarəti və səviyyəsi yüksəkdir. Müdafiəçilərdən çəkinmir və meydanda sürətlə hərəkət edir. "Real Madrid" onun üçün "River Plate"ə 45 milyon avro ödəyibsə, deməli, buna əsaslı səbəb var. Onun böyük çempion olub-olmayacağını deyə bilmərəm, amma əminəm ki, A Seriyası belə futbolçular üçün ən uyğun liqadır. Burada təcrübə toplaya, müdafiəçiləri öyrənə və italyanların mükəmməl bildiyi texniki-taktiki incəlikləri mənimsəyə bilər. Amma ona sabitlik lazımdır və bunu yalnız əsas heyətdə oynayaraq qazana bilər, hazırda "Fiorentina"da olduğu kimi. "Real Madrid"də isə inkişafına digər oyunçular mane olurdu. Niko Pas "Komoda" liderə çevrilib. Heç vaxt ehtiyatda oturaraq komanda oyunçusu olan futbolçu görməmişəm."

Veron həmçinin Argentina futbolunda istedadların tez-tez itirildiyini vurğulayıb: "Skloni Nikoya diqqətin yayındırılmasına çalışmaqda haqlıdır. Argentinada istedadları tez itirmək kimi acı təcrübəmiz var. Əgər bilsəydiniz, nə qədər böyük potensiala malik 'onluq' oyunçular Maradona və ya daha əvvəllər Sivori ilə müqayisələr ucbatından itirilib... Burada sakitlik, səbir və bir az da bəxt lazımdır."