Keçmiş yüngül ağır çəki çempionu Jiri Proxazka bu həftə UFC Qatar turnirində əsas döyüşdə Navajo Stirlinqə qarşı qəfəsə çıxacaq.

Offsideplus.az xəbər verir ki, Proxazka sonuncu döyüşündə, aprel ayında titul qarşılaşmasında Karlos Ulberqə gözlənilməz şəkildə uduzub. O, "Black Jag" ləqəbli rəqibini sarsıtsa da, həlledici anda üstünlüyünü qoruya bilməyib və Ulberqin geri dönüşü ilə məğlub olub. Bu məğlubiyyət Proxazkanı motivasiya baxımından daha da irəli aparıb.

"Bu döyüşə motivasiyam əvvəlkindən qat-qat fərqlidir. Mən sadəcə döyüşçü olmaq, adi döyüşlərdə iştirak edib gah qalib, gah da məğlub olmaq istəmirəm. Mən qələbə üçün doğulmuşam, ən yaxşılarla rəqabət aparmaq və ən yaxşı olmaq üçün buradayam," – deyə Proxazka bildirib.

O əlavə edib ki, son döyüşündən iki gün sonra qızı dünyaya gəlib və bu müddətdə həyatında bir çox dəyişiklik baş verib. "Hazırda başa düşürəm ki, bu döyüşə bütün komanda ilə birlikdə ciddi hazırlaşmışıq və qələbə qazanmaq üçün hər şeyi etmişik," – deyə çexiyalı idmançı vurğulayıb.

Stirlinqlə qarşılaşma öncəsi Proxazka rəqibini güclü zərbə ustası kimi dəyərləndirib və onun iddialı açıqlamalarına cavab olaraq "Ümid edirəm, dediklərini qəfəsdə göstərə biləcək" deyib.

Samuray prinsiplərinə də toxunan Proxazka bildirib ki, qəfəsdə əsas məsələ soyuqqanlı olmaq, emosiyalara nəzarət etmək və bütün diqqəti döyüşə yönəltməkdir. "Bütün bu məşqləri və hazırlıqları məhz bədənimi və düşüncəmi tam güclə döyüşə səfərbər etmək üçün edirəm," – deyə o qeyd edib.