Ukraynalı futbolçu Mixail Mudrik "Çelsi"yə transferi zamanı agentləri tərəfindən aldadıldığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Mudrik müsahibəsində əvvəlcə "Arsenal"a keçmək istədiyini, lakin agentinin yalnız öz maraqlarını güddüyünü bildirib. O qeyd edib ki, agenti onun arzularını reallaşdırmaq üçün heç bir cəhd göstərməyib və əsas məqsədi daha çox gəlir əldə etmək olub.

Mudrik vurğulayıb ki, müqavilələri oxumadan imzalayıb və agentlərinə tam etibar edib: "Mən sənədləri oxumadan imzalayırdım, çünki onlara inanırdım. Onlar mənə daim deyirdilər ki, hər şeyi yoxlayıblar. Mən onlarla 10 il işləmişdim və heç bir şübhəm yox idi".

O əlavə edib ki, "Çelsi"yə keçid zamanı agenti Krasnikov böyük bonus əldə edib: "Onlar təxminən altı milyon dollar almalı idilər, mənə isə dörd milyon bonus vəd olunmuşdu. Lakin mənə düşən hissə yalnız vədlərdə qaldı".

Mudrik bildirib ki, bonusdan vergi ödəmək məcburiyyətində qalıb, halbuki bu vəsaitdən xəbərsiz olub: "Mənə deyirdilər ki, narahat olma, əgər nəsə olsa, sənə qaytaracağıq. Amma nəticədə müqavilələrə görə borclu qaldım".

Futbolçu əlavə edib ki, transferdən sonra məhkəmə iddiaları ilə üzləşib, bonuslar isə yalnız vəd olaraq qalıb. Mudrik həmçinin bildirib ki, ona banditlər zəng edib, hədə-qorxu gəlib və ultimatumlar veriblər: "Belə hallar da baş verdi. Həyat insanı daha ehtiyatlı olmağa və insanlara daha az etibar etməyə öyrədir".