İngiltərəli MMA ustası Maykl "Venom" Peyc artıq UFC-nin döyüşçüsü deyil. Bellator-da titul iddiası ilə tanınan Peyc UFC-yə böyük ümidlərlə gəlmişdi və təşkilatda keçirdiyi 6 döyüşdən 5-də qalib gəlmişdi. Sonuncu dəfə o, UFC Paris turnirində Nursulton Ruziboyev üzərində qələbə qazanmışdı.

Offsideplus.az xəbər verir ki, buna baxmayaraq, UFC rəhbərliyi onunla yeni müqavilə imzalamaqdan imtina edib. Beləliklə, Parisdəki döyüş Peycin UFC-dəki son qarşılaşması olub. Təşkilatın prezidenti Dana Uayt bu barədə açıqlama verərək bildirib: "Bu, onun müqavilə üzrə son döyüşü idi. Düşünmürəm ki, onu yenidən heyətə qatacağıq". Uayt əlavə edib ki, Peycin reytinq siyahısından çıxarılması da məhz bu səbəbdəndir.

Peycin UFC-dəki bütün qələbələri hakimlərin qərarı ilə başa çatıb. Onun yeganə məğlubiyyəti isə İan Maçado Qerri ilə qarşılaşmada olub. Gələcəkdə Maykl Peycin PFL və ya Skott Kokerin yeni təşkilatına keçəcəyi ehtimal olunur.