Yeni Zelandiyalı yüngül çəki döyüşçüsü Dan Huker UFC Paris turnirinin əsas qarşılaşmasında fransalı Salahdin Parnasse ilə üz-üzə gələcək. Huker rəqibi ilə bağlı əvvəlcədən geniş məlumata sahib olmasa da, Parnassenin bacarığını tez bir zamanda dəyərləndirib və onun ətrafında yaranan böyük marağın səbəbini anladığını bildirib.

Offsideplus.az xəbər verir ki, Huker media günündə çıxışı zamanı hazırda özünü ən yaxşı formada hiss etdiyini vurğulayıb: "Hazırda motivasiyam yüksəkdir, tam diqqətimi toplamışam və əla vəziyyətdəyəm. Əgər Salahdinlə bir neçə il əvvəl qarşılaşsaydım, o məni asanlıqla məğlub edə bilərdi. Amma indi həyatımın ən yaxşı formasındayam və döyüş üçün səbirsizlənirəm". Huker əlavə edib ki, son iki məğlubiyyətdən sonra bu döyüş onun üçün dönüş nöqtəsi ola bilər: "UFC-də döyüşməyi, ən yaxşılarla rəqabət aparmağı sevirəm. Bunun üçün isə qələbə qazanmaq lazımdır. Əks halda, səni reytinqlərdən çıxarırlar. Bu döyüşdə hər kəsin gözləntilərini doğrultmalıyam və işləri yoluna qoymalıyam".