UFC-nin sabiq çempionu, hazırda təşkilatın Şöhrət Zalının üzvü olan rusiyalı Həbib Nurməhəmmədov futbolla qarışıq döyüş növləri (MMA) arasındakı fərqlərdən danışıb.

Offsideplus.az xəbər verir ki, əfsanəvi döyüşçü MMA-in çox qəddar idman növü olduğunu vurğulayıb:

"Futbolda uduzanda növbəti gün gülümsəyərək selfi paylaşırsan. Amma döyüşlərdə səni döyəndən sonra ertəsi gün şəkil yerləşdirmirsən. Girin baxın, Topurianın şəkli haradadır? Bu idman növü həddindən artıq qəddardır. Futbolda soyunub-geyinmə otağında bəzi oyunçuların gülümsədiyini görə bilərsiniz. Sizin idman növündə (futbolda) siz oynayırsınız, döyüşlərdə isə oynamırsınız, vuruşursunuz. Bu, tamamilə fərqli bir sahədir.

Psixoloji baxımdan haradasa oxşarlıq ola bilər - təzyiq və digər məqamlar. Lakin fiziki cəhətdən heç bir oxşarlıq yoxdur. Səni vururlar, başından tutub üzünə dizlə zərbə endirirlər. Sənin necə döyüldüyünü 100 min insan canlı izləyir. Belə bir vəziyyətdən sonra uzun müddət gülümsəyə bilməzsən".