“Sabah” ötən gün tarixində ilk dəfə iştirak etdiyi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsini məharətlə keçdi. “Bayquşlar” iki oyunun nəticəsinə görə rəqibini 4:1 hesabı ilə məğlub etdi.

Təmsilçimizin növbəti rəqibi Skandinaviyadandır. Söhbət Finlandiyanın Kuopio şəhərini təmsil edən “KuPS” klubundan gedir. 1923-cü ildə yaranan rəqib ev oyunlarını 5 min tamaşaçı tutumuna malik “Vare Arena” stadionunda keçirir.

Komanda son illərdə sabit oyunu ilə diqqət çəkir və ölkəsində çempionluq uğrunda mübarizə aparır. Onlar 8 dəfə Finlandiya çempionu olub.

“KuPS”un avrokuboklar tarixindəki ən böyük uğuru ötən mövsüm Konfrans Liqasının əsas (liqa) mərhələsinə vəsiqə qazanmasıdır. Onlar hətta liqa mərhələsində 21-ci tutaraq növbəti mərhələyə də yüksəlməyi bacarıb. Lakin burada iki oyunun nəticəsinə görə “Lex”ə məğlub olaraq mübarizəni dayandırıblar.

Rəqib komanda kifayət qədər gənc heyətə və baş məşqçiyə sahibdir. Komandanı çalışdıran Niko Nuutinenin cəmi 34 yaşı var. Heyətin yaş ortalaması isə 25.6-dır.

“Transfermarkt” portalının məlumatına görə, “KuPS”un heyətinin ümumi dəyəri 6 milyon avrodur. Komandanın ən bahalı futbolçusu isə 700 min avro qiyməti olan Tommi Ciridir (Tommi Jyry).

Qeyd edək ki, komandalar arasındakı ilk oyun iyulun 21-də Masazırda baş tutacaq.