Belarus yığmasının baş məşqçisi Karlos Alos Ferrer Azərbaycan milli komandası oyunöncəsi jurnalistlərin suallarını cavablandırıb.

Mətbuat konfransına Offsideplus.az saytının əməkdaşı da qatılıb.

- Üç gün öncə Tacikistana qarşı süni ot örtüyündə çıxış etmisiniz. Burada is təbii ot örtüyündə oynayacaqsınız. Fərqli ot örtükləri Belarus komandasının oyununa təsir göstərə bilərmi?

- Süni və təbii ot örtüyündə çıxış etməyin hərəsinin öz çətnliyi var. Biz, həmçinin iki fərqli hava şəraitində mübarizə aparacağıq.Tacikistanda hava çox isti idi. Burada isə havalar soyuqdur. Azərbaycana tez gəlmişik, adaptasiya prosesini keçmişik. Sabahkı oyuna hazırıq. Tacikistan və Azərbaycanla qarşılaşmalar arasında müqayisə aparmaq düzgün deyil.

- Heyətlə bağlı hər hansısa problem varmı?

- Hamı hazırdır. Sevindirici haldır ki, zədə və ya digər problemimiz yoxdur. Təkcə qalır sabahkı matçın start heyətini müəyyənləşdirmək.

- Azərbaycan yığmasının üzərində həm son oyundakı, həm də Millətlər Liqasındakı uğursuzluğa görə azarkeşlər və mətbuat tərəfindən güclü təzyiq var. Demək olarmı ki, Belarus komandası daha yaxşı psixoloji durumdadır?

- Futbolda təzyiq həmişə var. Əgər sabah uduzsaq, təzyiq altına biz düşəcəyik. Azərbaycan yaxşı komandadır, rəqibə hörmətlə yanaşırıq. Sabah bizə heç də asan olmayacaq. Burada oynadığımız son matçda uduzmuşuq. Bu, futbolçularıma əlavə stimul verə bilər. Sabah qələbə üçün meydançaya çıxacağıq. Azərbaycanla matç sistemi və futbolçuları sınaqdan keçirmək üçün faydalı olacaq.

- Azərbaycan komandasının baş məşqçisi məşhur mütəxəssisdir. Onun çalışdırdığı komandalarda ortaq bir oyun üslubu olur. Bunu analiz edib, buna uyğun hazırlaşmısınızmı?

- Fernandu Santuş top məşqçidir, ona böyük hörmətim var. "Portu", "Benfika" kimi nəhəng klublarda, Portuqaliya yığmasında çalışıb. Ancaq Azərbaycan yığmasında fərqli oyun üslubu tətbiq edilir. Çünki şərtlər və futbolçular fərqlidir. İstənilən halda, bizi sabah çətin sınaq gözləyir.