Futbol üzrə Azərbaycan milli komandası bu gün 2025-ci ildə ilk oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv tarixində ilk dəfə Haiti yığması ilə yoldaşlıq görüşü keçirib.
Əlamətdar məqamlardan biri də qarşılaşmanın keçiriləcəi yerlə bağlı olub. Belə ki, yığmamız ilk dəfə Sumqayıtda mübarizə aparıb.
Bu, F.Santuşun Azərbaycan milli komandasının baş məşqçisi qismində 7-ci oyunu olub. Portuqaliyalı çalışdırıcı bu oyuna qədər yığmamıza qələbə bəxş etməmişdi: 1 heç-heçə, 5 məğlubiyyət.
Təəssüf ki, Santuşum yetirmələri yenə məğlubiyyət acısı dadıblar.
Haitidə isə vəziyyət fərqli alınıb. Mərkəzi Amerikadan gələn qonaqlarımız ardıcıl son 8 matçda qələbə qazanmışdılar. Nadir hallarda yoldaşlıq görüşü keçirən Haiti milli komandası axırıncı dəfə 2023-cü ilin oktyabrında belə matç keçirmişdi. Sumqayıtda qeydə alınan 3:0 hesabı ardıcıl 9-cu qələbəni rəsmiləşdirib.
Beynəlxalq yoldaşlıq görüşü,
22 mart saat 21:45
Azərbaycan - Haiti 0:3
Frondti Pyero, 9; 62; Denli Jan Jak, 83
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 84
AZƏRBAYCAN: Şahruddin Məhəmmədəliyev - Rahil Məmmədov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov (k), Elvin Cəfərquliyev - Aleksey İsayev, Ozan Can Kökcü, Coşqun Diniyev - Toral Bayramov, Nəriman Axundzadə, Mahir Emreli
Baş məşqçi: Fernandu Santuş
HAİTİ: Aleksandr Pyer - Martin Eksperiens, Rikardo Ade, Jan-Kevin Duvern, Karlens Arkus - Denli Jan Jak, Leverton Pyer, Kristofer Attis - Frondti Pyero, Dukkens Nazon, Luisius Don Didson
Baş məşqçi: Sebastyan Minye
Hakimlər: Kadir Sağlam, Deniz Caner Ozaral, Anıl Usta (Türkiyə), Fərid Hacıyev (Azərbayan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
9-cu dəq. Haiti yığmasının qurduğu ikinci hücum qolla nəticələndi. Sağ cinahdan müdafiəni yaran qonaqların zərbəsini Şahruddin qaytarsa da, Frondti Pyero topu boş qapıya göndərdi.
42-ci dəq. Yığmamızın ilk real qol şansı. Əks-hücum zamanı Toral Bayramov gözəl ötürmə ilə Elvin Cəfərquliyevi qapıçı ilə üzbəüz qoydu, ancaq müdafiəçimizin zərbəsi tirin üstündən keçdi
46-cı dəq. Fernandu Santuş fasilədə 2 dəyişiklik edir. Birinci hissədə zəif təsir bağışlayan Aleksey İsayev yerini Elvin Camalova, Ozan Can Kökçü isə Musa Qurbanlıya verir
62-cı dəq. Künc zərbəsi zamanı Frondti Pyero Musa Qurbanlını qabaqlayaraq, baş zərbəsi ilə dublunu rəsmiləşdirib
65-ci dəq. Şahruddin komandamızı 3-cü qoldan xilas edir. Luisius Don Didsonun yaxın küncə zərbəsini qapıçımız ustalıqla dəf etdi
68-ci dəq. Milli komandamızda birdən-birə 3 dəyişiklik baş verir. Səbuhi Abdullazadə, Xəyal Əliyev və Renat Dadaşov mübarizəyə qoşulur. Onlar müvafiq olaraq, Coşqun Diniyev, Toral Nərimanov və Nəriman Abdullazadəni əvəz edirlər. Bu, Xəyalla Səbuhinin yığmada debütüdür
70-ci dəq. Musa Qurbanlının iti bucaq altında güclü zərbəsini qapıçı çətinliklə tutur
75-ci dəq. Musa daha bir şansdan yararlana bilmir. O, Elvinin qapı önünə qaldırdığı topa başla qeyri-dəqiq zərbə endirir.
81-ci dəq. Rəhman Daşdəmirov yığmada debüt edir. O, Mahir Emrelini əvəzləyir
83-cü dəq. Denli Jan Jak cərimə meydançası xətti üzərindən topu tora qovuşdurur
84-cü dəq. Elvin Cəfərquliyev hakimlə mübahisə etdiyinə görə ardıcıl 2 sarı vərəqə ilə meydançadan qovulur
90-ci dəq. Əsas vaxta 2 dəqiqə əlavə olunur
Oyun darmadağınla başa çatır...