Azərbaycan milli komandasının və "Neftçi" klubunun keçmiş futbolçusu Vidadi Rzayev Offsideplus.az-a müsahibə verib. 

57 yaşlı mütəxəssis dünən keçirilən Azərbaycan - Haiti (0:3) yoldaşlıq görüşü haqda danışıb, biabırçı nəticənin səbəblərini izah edib.

- Vidadi müəllim, sizcə,  milli komamdamızda nə yolunda getmir? Haiti ilə görüşdə məğlubiyyətə səbəb nədir?

- Heyətdə ciddi bir dəyişiklik yox idi, eyni futbolçular meydana çıxmışdılar. Düzdür, yeni futbolçular dəvət olunmuşdular. Lakin ümumilikdə bir yenilik yoxdur. Futbolçuların istəksiz olması da öz yerində. Legioner məşqçiyə ümumiyyətlə ehtiyac yox idi. Santuş yığmanı 2028-ci ildə Avropa çempionatının final mərhələsinə çıxaracağını deyir, bunlar hamısı cəfəngiyyatdır. Onun da etiraf etdiyi kimi, dünən meydançaya sanki məğlub olmağa çıxmışdılar. Baş məşqçidə günah görmürəm. Bura gələn məşqçilər savadlı, səviyyəli, ağıllı mütəxəssislərdir. Heç kim gəlib öz nüfuzunu aşağı salmaq istəməz. Ancaq ölkəmizə gəlib öz bilik və təcrübələrini heçə döndərirlər.

- Daha kimləri dəvət edə bilərdilər yığmaya? Yaxud əksinə, kimlər milli komandamızda artıqdır? 

- Kimlərin artıq olduğunu deməyim doğru olmaz. Santuşun güclü seçimi də yoxdur. Premyer Liqada çıxış edən 40 futbolçudan 20-25-ni əsas heyətə dəvət etməlidir. Bəs gəlin görək çempionatda oynayan futbolçulardan kimlər milli komandaya layiqdirlər? Heç bir baş məşqçi özünə pislik etmək istəməz. Təbii ki, ən yaxşıları seçib, götürüb. Ən yaxşılarımız da budur. Çoxdan deyirdik ki, yığmanı gəncləşdirmək lazımdır. Eybi yox, qoy milli məğlub olsun, ancaq cavanlaşdırma prosesi getsin. Futbolçunun pasportu meydançadır, lap elə yaşı 50 olsun, ancaq yaxşı oyun göstərsin. Buna baxmayaraq, milli komandaya can yandıran futbolçular lazımdır. Onları götürmək üçün də böyük seçim yoxdur. Bizim futbol təsərrüfatımız düzgün yolda deyil. 

- Çıxış yolunu nədə görürsünüz?

- Azərbaycan milli komandası təməli tökülməmiş, kəndir-sap üstündə ev tikməyə bənzəyir. Ona görə də uşaq futbolundan başlayıb, əsas milli səviyyəsinə gəlmək lazımdır. Əfsuslar olsun ki, mənim dediyimi yazmırlar. 7 ili qırağa tullayırlar: 15, 16, 17, 18, 19, 20 və 21 yaşlı komandaları. 21 yaşlılardan sonra da əsas milli komanda gəlir. Yenə heç kəsə lazım olmayan 7 il getdi. İtirə-itirə də gedirik. Əvvəlki rəhbərlik 16 il itirdi. Yeni rəhbərlik də vaxt itirməyə başlayıb. 

- Necə düşünürsünüz, legioner limitinin aradan götürülməsinin ölkədə futbolun inkişafına təsiri necə olacaq? Limitin ləğvi futbolumuza xeyir verə bilər?

 - Futbolun inkişaf strategiyası yazılıb. Legioner limiti yığışdırıldı, aşağı liqadan futbolçu cəlb etdilər milliyə. Götürsünlər, problem deyil. Bundan sonra aşağı liqalara daha çox müraciət edəcəklər. Legioner limitinin ləğvi ilə bu tələbat artacaq. Onsuz da 10 komandanın hərəsində təxminən 4 futbolçu çıxış edirdi. Bu da edir 40 futbolçu, yəni güclü seçimimiz də yox idi. Legioner limitini nahaq ləğv etdilər. 11 nəfər legioner oynayacaq, bu sistemi tətbiq etmişdilər, effekt vermədi. Yenə eyni hal yaşanacaq . Bunun kimlərə xeyir verəcəyini bilmirəm, amma məncə, qərar yanlış idi. 

- Fernandu Santuşun Azərbaycan milli komandasına nə faydası olacaq? Onun rəhbərliyi altında uğur qazana bilərikmi?

- Bura kimlər gəlmədi ki? Futbolu inkişaf etdirmək adına ingilis, alman, xorvat, serb, italyan gəldi. Hamısı ciblərini doldurub, çıxıb getdilər. Hələ də inkişafın olduğu görünmür.