U-17 Avropa çempionatının ikinci seçmə mərhələsində Uelslə heç-heçə edib (0:0), Albaniyaya məğlub olan (1:4) Azərbaycan yığmasının qrupda qalacağı dəqiqləşib.
Offsideplus.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev B Liqasının 6-cı qrupu çərçivəsində Albaniya yığmasına qarşı oyunu şərh edib:
“Turnirə yaxşı hazırlaşmışdıq. Hər iki rəqib güclü idi. İlk oyunumuz meydan sahibləri Albaniya yığmasına qarşı oldu. Standart vəziyyətdən erkən qol buraxdıq. Matçın startında uşaqlarda həyəcan hiss olunurdu. Hissənin sonlarına yaxın oyunu bərabərləşdirdik. İkinci hissəyə ön xətdə pressinqlə başladıq və bunun bəhrəsini gördük. Bərabərlik qolundan sonra irəlidə təzyiqi davam etdirmək istədik. Ancaq qısa müddətdə qapımızda ikinci qolu buraxdıq. Bundan sonra hücuma atılsaq da, rəqib əks-hücumlarla daha iki dəfə fərqləndi”.
İ.Yadullayev yetirmələrinin ilk oyundakı həyəcanı Uelsə qarşı oyunda üzərlərindən atdığını bildirib:
“Albaniya texniki cəhətdən yaxşı komanda idisə, Uels fiziki və taktiki cəhətdən güclü görünürdü. Bərabər səviyyədə mübarizə getdi. Birinci hissədə qapımıza təyin edilən penaltini qapıçımız dəf etdi. Bu, futbolçularımızda ruh yüksəkliyi yaratdı. Qol vurmaq üçün imkanlarımız oldu. Elə mübarizə getdi ki, hər iki komanda qalib gələ bilərdi. Uşaqlarda həyəcan olmadığından, bu dəfə daha rahat çıxış etdilər. İki oyunda 1 xal toplamağımıza görə təəssüflənirəm. Ancaq gələcəkdə daha uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Xatırladaq ki, yalnız qrup qalibinin seçmə mərhələdə iştirakı davam edir. Yığmamızın qrupda ikinci, yoxsa üçüncü yeri tutacağına martın 25-də keçiriləcək Uels - Albaniya matçından sonra aydınlıq gələcək.