UEFA Çempionlar Liqasında 2025/26-cı illər mövsümünün başa çatması ilə rəsmi mükafatlar da öz sahiblərini tapıb.

Offsideplus.az xəbər verir ki, UEFA-nın Texniki Müşahidəçi Qrupu mövsümün fərdi göstəricilərinə görə ən yaxşı futbolçuların adlarını elan edib.

"Paris Sen-Jermen" klubunun gürcüstanlı vingeri Xviça Kvaratsxeliya Çempionlar Liqasında 2025/26 mövsümünün ən yaxşı futbolçusu seçilib. PSJ-nin ardıcıl ikinci dəfə turnirin qalibi olmasında böyük pay sahibi olan ulduz futbolçu mövsüm ərzində turnirdə 10 qol6 məhsuldar ötürmə ilə yadda qalıb.

"Real Madrid"in və Türkiyə millisinin gənc istedadı Arda Güler isə UEFA tərəfindən Mövsümün Kəşfi mükafatına layiq görülüb. UEFA-nın gənc və böyük sıçrayış edən oyunçuları mükafatlandırmaq üçün köhnə "Ən yaxşı gənc oyunçu" titulunun yerinə təsis etdiyi bu yeni mükafatın bu mövsümkü sahibi məhz Arda olub.

Ötən mövsümlə müqayisədə meydanda keçirdiyi vaxtı kəskin şəkildə artıran (142 dəqiqədən 1,030 dəqiqəyə) 21 yaşlı futbolçu turniri 2 qol4 assistlə tamamlayaraq "Real Madrid"in heyətində mükəmməl performans nümayiş etdirib.