Formula 1-də çempionatın lideri Kimi Antonelli Belçika Qran-prisinin sıralanma turunun son saniyələrində "Red Bull"un dördqat dünya çempionu Maks Ferstappenə qalib gələrək "Mersedes"ə növbəti poulu qazandırıb.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı italyan pilot 1 dəqiqə 44.361 saniyəlik möhtəşəm nəticə ilə niderlandlı rəqibini 0.317 saniyə qabaqlayıb. "Maklaren"in son çempionu Lando Norris isə üçüncü pillədə qərarlaşıb.

Bununla belə, Norris yeni mühərrikdən istifadə etdiyi üçün bazar günü keçiriləcək yarışda 10 yerlik cərimə alıb və start şəbəkəsində geriyə atılacaq.

Bu, Antonellinin cari mövsümdə qazandığı 6-cı poul mövqeyi olub və "Mersedes"in bu mövsüm ardıcıl poul qazanmaq seriyasını 10 yarışa çatdırıb. Gənc pilotun bu uğuru həm də mövsümün ən böyük zaman fərqi ilə qazanılan poul rekordu olub.