"Real Madrid"in fransalı yarımmüdafiəçisi Aurelien Çuameni son günlər mətbuatda komanda yoldaşı Federiko Valverde ilə məşqdə dalaşması və aralarında gərginlik yaranması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu yayılan iddiaların reallığı əks etdirmədiyini və hadisənin media tərəfindən həddindən artıq böyüdüldüyünü vurğulayıb.

Çuameni mətbuatda yazılan şayiələrə kəskin reaksiya verərək reallığı belə izah edib:
"Bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. Əlbəttə ki, məşqdə nəsə baş verib, lakin bu, mətbuatda həddindən artıq şişirdilib. Mən mediada hər cür cəfəngiyyat gördüm — "dava etdilər", "yumruqlaşdılar" və sairə. Qətiyyən belə bir şey olmayıb."

Ulduz yarımmüdafiəçi uruqvaylı futbolçu ilə aralarında heç bir problemin olmadığını bildirib:
"Detallara varmayacam, lakin Fede ilə biz eyni məqsədi paylaşırıq: 'Real Madrid' üçün titullar qazanmaq. Arada heç bir problem yoxdur."

Çuameninin bu sözləri klub prezidenti Florentino Peresin ötən günlərdə verdiyi "Paltardəyişmə otağında atmosfer idealdır, kimsə kiminsə ayağını basdalayırsa, bunu böyütmək lazım deyil" - açıqlamasını tamamilə təsdiqləyir və komanda daxilində böhran olması iddialarına son qoyur.