"Real Madrid" klubunun prezidenti Florentino Peres komandanın cari vəziyyəti, gələcək layihələri, transfer siyasəti və klub ətrafında gəzən şayiələr barədə geniş və səmimi müsahibə verib.

Offsideplus.az xəbər verir ki, klub rəhbəri futbol dünyasında böyük əks-səda doğuracaq məqamlara toxunub.

Teleyayım siyasətinə toxunan Peres azarkeşlərin xeyrinə olacaq layihələr üzərində işlədiklərini bildirib:
"Biz futbolun ən qısa zamanda pulsuz yayımlanmasını (strim edilməsini) istəyirik. UEFA bunu mükəmməl şəkildə anlayır və hazırda onlarla qardaşcasına danışıqlar aparırıq."

Peres özünün idman layihəsindən və ulduz futbolçuları kluba cəlb etməyin asanlığından danışıb:
"Mənim idman layihəm nədir? Ən yaxşı oyunçuların həmişə mənimlə oynayacağına heç kim şübhə etmir. Mən bura Fiqu, Zidan, Ronaldo, Bekhem, Kriştiano, Kaka, Benzema və ən sonunculara qədər bir çox ulduzla birgə gəlmişəm. Hamı bura gəlmək istəyir. İndi bu mənim üçün çox da çətin deyil. Başlanğıcda daha çətin idi, amma indi yox, çünki istedadı olan hər kəs bura gəlmək arzusundadır."

Cari mövsümdə yaşanan çətinliklərin əsas səbəbini sıx qrafikdə görən prezident məşqçiləri müdafiə edib:
"Bu mövsüm nəyin yanlış getdiyinə gəlincə, Klublararası Dünya Çempionatı bizi məhv etdi. Mövsümöncesi hazırlıq keçə bilmədik və üç aydan sonra 28 zədəli oyunçumuz var idi. Bu, bir təcrübədir. Mən Dünya Çempionatında oynamaq istəyirəm, amma bütün mövsümü zibil qutusuna atmaq bahasına yox. Buna görə məşqçilərin heç birini günahlandıra bilməzsiniz."

Sosial şəbəkələrdə və mediada iki ulduzun birgə oynaya bilməməsi ilə bağlı yayılan iddialara Peres kəskin reaksiya verib:
"Vinisius və Mbappenin bir-birinə uyğun gəlmədiyini söyləyənlər cəfəngiyyatla məşğuldurlar. Onlar dünyanın ən yaxşı iki oyunçusudur. Vinisius bizə iki Çempionlar Liqası qazandırıb. Dəlixana yaratmaq lazım deyil. Hər il Çempionlar Liqasını qazanmaq ideyası gülüncdür; 10 ildə 6 dəfə qalib gəlmək isə heç kimin etmədiyi bir şeydir."

Mbappenin "Bernabeu"da fitə basılması və çıxışı barədə isə bunları deyib:
"Bəzi jurnalistlər var ki... Onların necə bərbad yazdıqlarından xəbəriniz yoxdur. Bəzi insanlar da onlara inanır. Amma əsl "Real Madrid" azarkeşi öz oyunçusunu müdafiə etməlidir. Pis oyun nümayiş etdirəndə isə ona dəstək olmalıdır. Mbappe PSJ-dəki mövqeyindən fərqli yerdə oynayır və bu, onu bir qədər ritmdən salıb. Səhv etdiyimizi düşündüyümüz hər şeyi düzəldəcəyik. Çox yaxşı oyunçularımız var və yeniləri də gələcək."

Müqavilə müddətinin bitməsinə bir il qalan Vinisius haqqında danışan Peres onun komandada qalmasını istədiyini, lakin heç kimi məcbur etməyəcəyini vurğulayıb:
"Müqaviləsinin bitməsinə bir il qalıb və hələ yeniləməyib? Vaxt var. Onun burada əbədi qalmasını istərdim. Çox pul istədiyini deyirlər, amma bu, yalandır. Əgər o, 'Real Madrid'də olmaq istəmirsə və başqa klubla müqavilə imzalamağı seçirsə, azaddır. Onu heç nəyə məcbur etməyəcəyəm. Pul heç vaxt ən vacib amil olmayıb, indi də deyil."

Baş məşqçi axtarışları və Joze Mourinyo haqqında gəzən xəbərlərə Peres belə aydınlıq gətirib:
"Hədəf komandanı işlədə biləcək bir məşqçi tapmaqdır. Əsas odur ki, komanda zədəsiz olsun və mövsümöncesi hazırlıq keçə bilək. Lakin yaxşı bir məşqçimiz də olacaq. Joze Mourinyo? O, möhtəşəm məşqçidir. Mən onu tanıyıram, o da "Real Madrid"i və oyunçuları tanıyır. Onunla 3 dəfə Çempionlar Liqasının yarımfinalına yüksəldik, müəyyən səbəblərdən finala çıxa bilməsək də, bizə inanılmaz bir rəqabət hissi pevənd etdi. Ondan sonrakı məşqçilər isə 10 ildə 6 Çempionlar Liqası qazandılar. Amma mən Mourinyo ilə danışmamışam."

"Paltardəyişmə Otağında Problem Yoxdur, Problem Məlumat Sızdıranlardadır"

Komanda daxilində qruplaşma və böhran olması iddialarını rədd edən prezident, daxili nizam-intizama toxunub:
"Paltardəyişmə otağındakı ab-hava mükəmməldir. Onlar həmişəki uşaqlardır və hamısı dostdur. Məşqdə kimsə kiminsə ayağını basdalayırsa və əsəbiləşirsə, bunu böyütmək lazım deyil. Əgər əsəbiləşməliyiksə, buna səbəb daxildən məlumat sızdıranlardır. 'Problem onların dalaşmasıdır' deyirlər. Xeyr, problem məlumatı sızdırandadır. Paltardəyişmə otağında atmosfer idealdır, sadəcə bir neçə 'çürük alma' xəbər daşıyır və biz artıq onları müəyyən etmişik."

Sonda prezident Valverde və Çuameninin komandada qalıb-qalmayacağı ilə bağlı suala qısa və net cavab verib: "Mənim üçün bəli, əlbəttə ki, qalacaqlar."