İngiltərə Premyer Liqasında yenidən zirvəyə oynamaq istəyən "Mançester Yunayted" hücum xəttini dünya səviyyəli bir ulduzla gücləndirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "Qırmızı şeytanlar"ın əsas hədəfi "Qalatasaray"ın nigeriyalı superulduzu Viktor Osimhendir.

Məlumata görə, mankunianlılar Osimheni hücum xəttindəki problemlərin ideal həlli yolu kimi görürlər. "Mançester Yunayted" rəhbərliyinin Nigeriya millisinin üzvünə olan uzunmüddətli marağı yenidən rəsmi addımlara çevrilmək üzrədir.

Ekspertlərin fikrincə, Osimhenin "Old Trafford"a mümkün transferi "Mançester Yunayted"in Premyer Liqada çempionluq iddialarını əhəmiyyətli dərəcədə artıra bilər. Lakin bu keçid heç də asan başa gəlməyəcək.

"Qalatasaray"ı ulduz futbolçunu satmağa razı salmaq üçün "Mançester Yunayted"in təxminən 150 milyon avro (130 milyon funt-sterlinq) civarında ağlasığmaz bir məbləğ ödəməli olacağı bildirilir.

İstanbul təmsilçisində nümayiş etdirdiyi oyunla diqqət mərkəzində olan 27 yaşlı hücumçunun karyerasını İngiltərədə davam etdirib-etdirməyəcəyi yay transfer pəncərəsində dəqiqləşəcək.