Müasir dünya futbolunun ulduzlarından sayılan Neymarın qeyri-adi ailəsi var.

Atasının adı mətbuat səhifələrində hallanmasa da, anası ilə bacısı dəfələrlə gündəm isimləri olub. Maraqlıdır ki, bütün bunları PSJ-nin futbolçusunu qətiyyən narahat etmir. Əksinə, kifayət qədər sakit yanaşır, özü ilə yanaşı ailəsinin də diqqət mərkəzində olmasını xoşlayır.

Offsideplus.az xəbər verir ki, Neymarın atası özü ilə müqayisədə keşməkeşli həyat sürüb. Çox çətinliklər görüb, ölümlə hədələnib və ən əsası, böyük futbolçu olmaq arzusu həyata keçməyib. Ata Neymarın 28 yaşı olanda Braziliyanı bürüyən böhran ondan da yan ötməyib. Əlində olanların hamısını itirib. Ona qalan arxa oturacaqda əyləşən hamilə həyat yoldaşı və köhnə model “Opel”i olub. Üstündən 3 il keçməmiş elə həmin “Opel”lə ağır qəzaya uğrayıb, son anda ölümdən qurtulub. Uzun müddət xəstəxanada yatıb, ordan çıxandan sonra futbolçu karyerası şirin xəyal olaraq tarixin yaddaşına köçüb.

Müflis olan ata Neymar dolanışıq üçün əmisioğlu ilə birgə qızıl alış-verişinə girişib. Lakin bu sahədə də uğursuzluqla üzləşib. Borclarla yaşayıb, ona-buna “ata-ata” həyatını sürüb. Və beləcə Neymarın yaşının üstünə yaş gəlib, futbolun sirlərinə yiyələnməyə başlayıb. Neymar böyüyüb, “Santos”dakı oyunuyla diqqət çəkib. Atası oğlunun agentinə çevrilmək fikrinə düşüb və buna nail olub. Və yenə hiyləgərlik etmək həvəsinə düşüb. Övladının “Santos”dan “Barselona”ya keçidi 17 milyon avroya başa gəldiyi halda, o, ispanlardan transfer qiymətini 57 milyon avro göstərilməsini xahiş edib. 17 milyon “Santos”un hesabına köçüb, 40 milyon agent atanın cibinə “sürüşüb”. Qısası, qızıl al-verindəki fırıldağı futbolda da həyata keçirib.

maxresdefault

Ata Neymarın hiyləsinin üstü açılandan sonra “Santos”un prezidenti Luis Ribeyro onun haqqında belə demişdi: “Özü kimi hiyləgər ikinci adam yoxdur. Bu adam ancaq və ancaq pulu düşünür. İndiyə qədər bəlkə də 200 dəfə içdiyi kofenin pulunu ödəmişəm”.

Neymarın “Barsa”dan PSJ-yə keçidinə də “əl gəzdirib” və nəticədə 36 milyon avro komissiya parası götürür. Bu azmış kimi müqavilədə hansısa bəndin pozulduğunu əsas gətirərək “Barsa”dan 43,6 milyon avro təzminat tələb edib. İspanlar pulu ödəməkdən boyun qaçırıb, iş məhkəməyə qədər uzanıb. Məhkəmənin çıxardığı qərarda Neymar uduzub. Nəticədə futbolçu klubuna 6,7 milyon avro ödəmək məcburiyyətində qalıb.

Bacısı Rafaella Bekran Neymardan 4 yaş kiçikdir. Rafaella uşaq olanda Neymar futbolun sirlərini yeni-yeni öyrənməyə başlayırdı. Yəni ailə kasıb idi. Odur ki, sonradan ulduza çevriləcək oğlanın bacısı evdə başını nə iləsə qatır, kiçik yaşlarından özünə sənət axtarırdı...

(davamı olacaq)