"Betis"in baş məşqçisi Manuel Pelleqrini, komandasının 20 illik fasilədən sonra Çempionlar Liqasına vəsiqə qazanmasını mövsümün ilk günündə qarşıya qoyulan məqsədin tamamlanması kimi qiymətləndirib.

Offsideplus.az xəbər verir ki, La Liqanın son turunda "Elçe"ni 2:1 hesabı ilə məğlub edən Sevilya təmsilçisi, mövsümün bitməsinə iki tur qalmış ilk beşlikdəki yerini və elit yarışa vəsiqəsini rəsmiləşdirib.

2005-06 mövsümündən bəri ilk dəfə bu turnirə qayıdan "Betis" üçün qələbə qolunu 68-ci dəqiqədə Pablo Fornals vurub. Son illərdə avrokubokların daimi iştirakçısına çevrilən və ötən mövsüm Konfrans Liqasının finalında "Çelsi" ilə qarşılaşan klub, bu dəfə ən yüksək zirvəyə nail olub.

72 yaşlı Pelleqrini jurnalistlərə açıqlamasında deyib:

"Ardıcıl altı il Avropada olmaq və çempionatın sonuna iki oyun qalmış Çempionlar Liqasını təmin etmək asan deyil. Mövsümün ilk matçından əvvəl lövhəyə yaşıl hərflərlə "Bu gün Çempionlar Liqasına yolculuğumuz başlayır" yazmışdıq."

Qeyd edək ki, "Betis" növbəti turda yeni çempion "Barselona" ilə qarşılaşacaq.