Münhenin "Bavariya" klubunun fəxri prezidenti Uli Höness klubun mövsümlük abunəlik bilet (abonement) qiymətləri ilə bağlı maraqlı açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, o, klubun gəlir ambisiyaları ilə azarkeş məmnuniyyəti arasındakı fərqə toxunaraq, futbolun sosial mahiyyətini vurğulayıb.

​Höness qiymət siyasətini bu sözlərlə müdafiə edib:

"Biz 104 sterlinqdən daha çox məbləğ tələb edə bilərdik. Tutaq ki, qiyməti 300 sterlinqə qaldırdıq. Bu, bizə əlavə 2 milyon sterlinq qazandırardı. Lakin 2 milyon sterlinq bizim üçün nədir ki? Transfer danışıqlarında bu rəqəm üçün cəmi beş dəfə pazarlıq edərsiniz. Amma 104 sterlinq ilə 300 sterlinq arasındakı fərq azarkeş üçün çox böyükdür."

​Azarkeşlərə münasibətin önəmindən danışan klub rəsmisi Almaniya futbolunun İngiltərə modelindən fərqini də qeyd edib:

"Biz azarkeşləri sağılacaq inəklər kimi görmürük. Futbol hər kəs üçün əlçatan olmalıdır. Bizi İngiltərədən ayıran ən böyük fərq də məhz budur."