"Neftçi" klubu UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində sabah Türkiyənin "Beşiktaş" klubunu qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırıb:
- Bizi Türkiyə komandalarından birinə qarşı çətin oyun gözləyir. Azarkeşlərimiz əmin olsunlar ki, meydanda yüz faizimizi verməyə hazırıq.
- "Kəpəz"lə matçdan sonra demişdiz ki, üç gündən bir oynamağa hazır deyilik. Sabah komanda meydanda yüz faizini qoysa, sərfəli nəticə olacaq?
- Bunu komandanın fiziki durumunu nəzərə alıb demişdim. Üç gündən bir oynamaq və yaxşı çıxış etmək üçün geniş heyət olmalıdır. "Kəpəz"lə oyunda komanda yüz faizini verməyə çalışdı. Yorğunluğa baxmayaraq, həmin matçda qələbə qazanmalı idik. Yorğunluğu bəhanə edib onun arxasında gizlənmirik.
- Müdafiənin mərkəzinə tanıdığınız futbolçuları transfer etdiniz. Sağ cinaha da Ervin Koffi alınıb. Sol cinah müdafiəçisi transferi gözlənilir?
- Təəssüf ki, Ervin Koffi ilk oyunda zədələndi. Bir neçə futbolçu ilə danışıqlar gedir. Hər mövqedə rəqabətin artması üçün çalışacağıq. Bu, komandanın xeyrinə olacaq. Ölkə çempionatındakı yerli limitini də nəzərə almaq lazımdır. Çalışırıq ki, kənardan proqnozlaşdırılmış komanda kimi görünməyək.
- "Neftçi"nin hücumçu transferində gecikdiyini düşünmürsüz?
- Düz vurğuladınız, bir az gecikirik. Amma bir neçə oyunçu ilə danışıqlar gedir. Çətinliklər var. Buna baxmayaraq, həmin mövqeyə yaxşı futbolçu transfer etmək istəyirik.