Kevin De Brüyne 10 illik macəra sonrası cari mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Belçika millisinin 33 yaşlı üzvü aşağıdakı sözlərlə vidalaşıb:
"Əziz Mançester,
Bunu görəndə artıq nələri deyəcəyimi yəqin təxmin edirsiniz. Ona görə də sözü uzatmayacam və bildirmək istəyirəm ki, bu, mənim "Mançester Siti" futbolçusu kimi son aylarım olacaq. Bunu yazmaq asan deyil, lakin hamımız bunun baş verəcəyi günün gələcəyini bilirik.
Bunu bu gün mənim dilimdən eşitməyi haqq edirsiniz.
Futbol məni sizə və bu şəhərə gətirib çıxardı. Xəyallarımın ardınca qaçanda bu dövrün həyatımı dəyişəcəyini bilmirdim. Bu şəhər, bu klub, bu insanlar mənə hər şeyi verdi. Mənim də hər şeyi qaytarmaqdan başqa şansım yox idi. Nə oldu? Hər şeyi qazandıq.
Xoşumuza gəlsə də, gəlməsə də sağollaşmalıyıq. Suri, Rom, Meyson, Mişel və mən ailəmiz üçün böyük məna kəsb edən bu yerə çox minnətdarıq. "Mançester" sonsuzadək uşaqlarımızın pasportunda və ən əsası hamımızın ürəyində yer alacaq.
Bura həmişə bizim evimiz olacaq.
Şəhərə, kluba, klub nümayəndələrinə, komanda yoldaşlarıma, dostlara bizi 10 ilə yaxın müddətdə qəbul etdiyinə görə nə qədər təşəkkür etsək azdır.
Hər hekayənin bir sonu var, bu, ən gözəl səhifələr idi.
Gəlin, son anlarımızı birgə yaşayaq. Sevgilərlə, Kevin De Brüyne".