Azərbaycan Basketbol Liqasının sonuncu - XX turunda "Sərhədçi" NTD-ni 103:77 hesabı ilə məğlubiyyətə uğradıb.
Offsideplus.az xəbər verir ki, qalib komandanın baş məşqçisi Evren Alkaya böyükhesablı qələbəni şərh edib:
“Əslində, çətin oyun olmadı. NTD kubok matçlarından sonra yorğun idi. 10 gün ərzində 3 matç oynadılar. Yorğunluq istər-istəməz var idi, bir az da pley-off matçları üçün heyətlərini qorudular. Biz də çox rotasiya etdik. Normalda mövsüm sonunda bu cür matçlar oynanılır. Pley-offda uğurlu olmaq üçün əlimizdən gələni edəcəyik”.
Türkiyəli mütəxəssis komandanın cari mövsüm performansı barədə fikirlərini bölüşüb:
“Mövsüm bizim üçün çox da yaxşı olmadı. Yaxşı oyunçularımızın bir çoxu zədələndi. Komandanın özəyini dəyişdirmək üçün çox transfer etdik. Düşünürəm ki, pley-offun ikinci hissəsinə qədər komandamız tam uyğunlaşar. Pley-offda sona qədər mübarizə aparacağıq”.