"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Konfrans Liqası çərçivəsində Belarusun "Dinamo" (Minsk) klubuna qarşı keçiriləcək görüşdən öncə mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, ukraynalı mütəxəssis komandanın hədəflərindən, transfer ehtiyaclarından və qarşıdakı matçdan söz açıb.

Məqsədlər və Konfrans Liqası həyəcanı haqqında:

"Arzum var ki, "Neftçi" ölkə çempionu olsun. Konfrans Liqasında da liqa mərhələsində mübarizə aparmaq istəyirik. Mən şəxsən bu turnirdə olmamışam, özümə də çox maraqlıdır. Mütləq qarşımızdakı rəqibi keçməliyik".

Heyət və yeni transferlər barədə:

"Əlimizdəki heyətlə də davam edə bilərik. Bilirsiniz ki, transferlər asan başa gəlmir. Amma mütləq əlavələr olacaq, çünki güclənməyə ehtiyacımız var".

Gözlənilən yeni transferlərin adları haqqında:

"Hələlik bu məlumatlar məndə qalsın (gülür). Niyə oyundan öncə kartlarımı açım ki? Rəqibə hörmətlə yanaşırıq, amma onlardan qorxmuruq".

Rəqibin gücü və komandaların müqayisəsi üzrə:

"Çox çətin sualdır. Gözləyək, oyun olsun, görək hansı komanda daha yaxşıdır. Biz əlimizdən gələnin maksimumunu edəcəyik".

Təzyiq və azarkeş gözləntiləri haqqında:

"Təzyiqi hiss etmirəm, çünki kifayət qədər təcrübəm var. Azarkeşlər həmişə ən yaxşısını gözləyir və tələb edir. Təzyiq hər zaman olub, var və olacaq. Futbolçular da buna hazır olmalıdırlar. Hər şey yaxşı olanda hamı səni sevir (gülür). Amma məhəbbətdən nifrətə bir addımlıq yol var".