Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçiləri "Neftçi" və "Zirə"nin II təsnifat mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlər briqadası müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "Neftçi"nin Belarusun "Dinamo" (Minsk) komandasına qarşı Bakıda keçirəcəyi ilk qarşılaşma Kiprdən olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi FIFA referisi Konstantinos Fellas olacaq. Ona yan xətlərdə Marios Kaloqirou və Giorgios Çaralampous köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Konstantinos Neofytou yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 22-də "Neftçi Arena"da baş tutacaq "Neftçi" - "Dinamo" görüşü saat 20:00-da start götürəcək. Cavab qarşılaşması isə iyulun 30-da keçiriləcək.

"Zirə"nin Estoniyada "Payde"yə qarşı keçirəcəyi səfər matçında isə moldovalı hakimlər ədaləti qoruyacaqlar. 35 yaşlı FIFA referisi Roman Jitari bu görüşün baş hakimi olacaq. Onun köməkçiləri Viktor Mardari və Andrey Bodean olacaqlar. Dördüncü hakim funksiyasını isə Andrey Brequta icra edəcək.

Xatırladaq ki, iyulun 23-də Estoniyanın Parnu şəhərində keçiriləcək "Payde" - "Zirə" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.