İspaniya La Liqasının prezidenti Xavyer Tebas FİFA-nı futbol sənayesini məhv etməkdə günahlandıraraq qurumun prezidenti Canni İnfantino-nu dərhal istefa verməyə çağırıb.

Offsideplus.az xəbər verir ki, ABŞ-də keçirilən tədbirlər zamanı sərt bəyanatlarla çıxış edən Tebas FİFA-nın mövcud idarəetmə sistemini və futbol dünyasındakı sükutu kəskin tənqid edib.

Onun bəyanatları:

"Ortada heç bir müxalif namizəd yoxdur, çünki heç kim uduzacağını bildiyi seçkiyə qatılmaq istəmir. Bu, mövcud sistemdir və bu sistem bünövrəsindən xəstədir. Burada, Amerikada olduğum bu günlərdə İnfantinoya qarşı olan, onun etdikləri ilə razılaşmayan çox insan gördüm. Hamı bunu danışır, amma heç kim heç bir addım atmır. Bilmirəm sükut saxlamaq daha pisdir, yoxsa bu əmələ şəriklik etmək. Çünki susanlar futbolun nə dərəcədə böyük zərər çəkdiyinin tam fərqindədirlər."

Tebasın bu iddialı çıxışı xüsusilə yeni genişləndirilmiş turnirlər, sıx matç təqvimi və klubların gəlir paylanması ilə bağlı Avropa liqaları ilə FİFA arasında dərinləşən fikir ayrılığını bir daha gözlər önünə sərib.