Türkiyə Futbol Federasiyası (TFF) yeni mövsümdən etibarən Super Liqada tətbiq olunacaq yeni qaydaları rəsmən elan edib.
Offsideplus.az xəbər verir ki, yeniliklər oyunun tempini artırmaq, vaxt itkisinin qarşısını almaq və intizamı gücləndirmək məqsədi daşıyır.
Yeni qaydalara əsasən, futbolçuların davranışlarından tutmuş VAR sisteminin müdaxilə çərçivəsinə qədər bir çox məqamda ciddi dəyişikliklər edilib:
10 saniyə və 1 dəqiqə limitləri: Əvəzlənən futbolçu hakim işarə etdikdən sonra 10 saniyə ərzində meydanı tərk etməlidir. Əks halda, onu əvəz edən oyunçu matç bərpa olunduqdan sonra 1 dəqiqə boyunca oyuna daxil ola bilməyəcək. Həmçinin, oyunun dayanmasına səbəb olan zədələnmiş futbolçu da matç bərpa olunduqdan sonra 1 dəqiqə kənarda gözləməli olacaq.
Ağzı bağlamaq qadağası: Əli ilə ağzını bağlayaraq danışan futbolçulara dərhal sarı vərəqə göstəriləcək. Gizlədilən ifadələrin matçdan sonrakı araşdırmalar zamanı təhqir təşkil etdiyi sübut olunarsa, İntizam Komitəsi tərəfindən əlavə sanksiyalar tətbiq ediləcək.
Vaxt itkisinə qarşı kəskin addımlar: Hakimin fitindən sonra 5 saniyəlik geri sayım başlayacaq. Aut atışının gecikdirilməsi halında top rəqibə verilməklə, qapıdan zərbənin gecikdirilməsi zamanı isə rəqibin lehinə künc zərbəsi təyin olunmaqla cəzalandırılacaq.
Sərinləmə fasiləsi: Yalnız hava temperaturu 32 dərəcə və ya daha yüksək olduqda təşkil edilə bilər. Fasilə hər hissədə maksimum 3 dəqiqə çəkəcək.
VAR sisteminin səlahiyyətləri artırılıb: Yeniliklərə əsasən, VAR rtıq açıq-aşkar yanlış verilmiş ikinci sarı vərəqələrə, səhv təyin olunmuş künc zərbələrinə, standart vəziyyətlərdə top oyuna daxil olmadan öncə baş verən qayda pozuntularına və hakimin yanlış futbolçuya vərəqə göstərdiyi hallara da müdaxilə edə biləcək.


