Allah Rəhman Əliyevə rəhmət etsin!
Futbola bağlı çox gözəl fikirləri var idi. Ağdaşda öz gücünə dolanan bir klub yaratmışdı. Azyaşılara bu idman növünün sirrlərini öyrədirdi. Amma fani həyat ona planlarını icra etməyə imkan vermədi. Əcəl onu bizdən aldı.
Rəhman 40 gündən çoxdur ki, aramızda yoxdur. Hər gün danışmasaq da, tez-tez zəngləşirdik. "Ağdaş"la bağlı əla işlər görmək istəyirdi. Bəlkə də çoxu bilmir. Klubun II Liqada iştirak etməsində az da olsa, rolum olub. 2023/24 mövsümün əvvəli idi. Qəbələdə keçirilən Premyer Liqa oyunundan sonra Ağdaşda Rəhmanla görüşdük. Həmin vaxt I Liqada iştirak edəcək klublar bəlli deyildi. II Liqanın təməli atılırdı. Rəhman komandanın I Liqada çıxış etməsini istəyirdi. Amma maliyyə problemi var idi. Oturduq, danışdıq. II Liqanın da yaxşı variant olduğunu qəbullandı. Amma konkret hara və necə müraciət edəcəyini bilmirdi.
Həmin günün səhəri PFL-in media və marketinq direktoru Sənan Abdullayevə "Ağdaş"la bağlı planı danışdım. Sağ olsun, həmkarımız əlindən gələn köməkliyi edəcəyini söylədi:
"Rəhmana denən, əlaqə saxlasın. Danışaq. Sonra Bakıya gəlsin. Elgiz Abbasovla görüşsün. Lazım olsa, stadiona baxış keçirilər. Standartlara uyğun olsa, nəsə etmək olar".
Daha sonra həmin vaxt FİF-də çalışan Emil Şükürovla Rəhman Əliyevi görüşdürdüm. Bir xeyli söhbətləşdik. Planlardan danışdıq. Sonrası isə məlumdur. "Ağdaş" II Liqada mübarizə aparmağa başladı.
Bu gün Rəhman yoxdur. Amma "Ağdaş" yaşayır. Lakin komandanın pis gündədir. Çempionat başlamışdan öncə komandanın baş məşqçisi saytımıza belə açıqlama vermişdi:
"Bəzi məsələlər var. Ola bilər ki, II Liqada iştirak edə bilmədik".
Açığı, çox pis oldum. Məsələni gündəmdə saxladıq. Problem öz həllini tapdı. Amma...
Dünən "Şimal" "Ağdaş"ı 8:0 hesabı ilə darmadağın edib. Bu, dözülməz haldır. Komanda niyə bu gündədir? Baş məşqçi deyir ki, rəqibin bəxti gətirdi, 6 oyunçumuz yox idi.
Hanı Rəhmanın komanda qurulandan sonra ortalığa çıxan dostları? Niyə əmanətə sahib çıxmırlar? Ağdaşdan olan işadamları nə üçün bu komandaya dəstək olmurlar? Rəhman sağ olanda bu kollektiv belə böyükhesablı məğlubiyyətlə üzləşməmişdi. Niyə komanda sahibsiz qalıb? Nə üçün "Ağdaş"ın bu halı ilə razılaşırsınız? Axı bu komanda Rəhmanın sizə əmanətidir...