2025-26 mövsümü üzrə Azərbaycan Kubokunun qalibi "Sabah"ın ruandalı ulduzu Coy-Lens Mikels mükafatlandırma mərasimindən sonra Offsideplus.az saytına müsahibə verib.
Müsahibəni təqdim edirik:
- “Sabah” üçün bu mövsüm necə keçdi?
- Möhtəşəm idi — sözlə ifadə etmək çətindir. Oyundan oyuna gedirdik və demək olar ki, hər matçı qazanırdıq. Hər şey inanılmaz idi, sanki havada süzürdük. Hamı bizim büdrəməyimizi gözləyirdi, deyirdi ki, "Qarabağ" bizi məğlub edib çempion olacaq. Amma biz hər oyunda qalib gəldik və bəli, 33 oyun məğlub olmadıq. Fantastik mövsüm idi. Həm çempion olmaq, həm də kuboku qazanmaq inanılmaz hissdir. Düşünürəm ki, mövsümü mükəmməl etdik.
- Deyə bilərik ki, bu sadəcə başlanğıcdır?
- Ümid edirəm. Həqiqətən ümid edirəm. Bu məşqçi ilə hər şey mümkündür. Növbəti addım beynəlxalq turnirlərdən birinin qrup mərhələsinə yüksəlməkdir. Düşünürəm ki, bir çox komandaya qarşı qalib gələcək qədər güclüyük və bir az şans da olsa, bunu bacaracağıq.
- Mükafatlandırma mərasimində uşaqlarınız və qardaşınızın uşaqları ilə meydana çıxmışdınız. Həmin anı şərh edə bilərsiniz?
- Bəli, qardaşımın qızı və oğlu mənimlə meydana çıxmaq istəyirdilər. Yəqin hamı televizorda o videonu gördü — qardaşımın qızı mənim böyük azarkeşimdir. Ona görə də onları yanıma götürmək mənim üçün tam normal idi. Biz bir ailəyik. Birlikdə qalib gəlirik, birlikdə uduzuruq. Elə buna görə də bir az kədərlənirəm, çünki qardaşım qarşı tərəfdə idi və oyunu uduzdu. O da qələbə qazanmaq istəyirdi. Ona görə bu günü yaşamağa çalışsam da, onun üçün də üzülürəm.
- Onun könlünü almaq üçün yeməyə və ya harasa dəvət edəcəksiniz?
- Bəli, mütləq. Bəlkə bizimlə birlikdə qeyd edər də (gülür). Yox, zarafat edirəm. Amma düzünü desəm, onun üçün üzülürəm, çünki oyunda çox iştirak edə bilmədi. Cəmi bir neçə dəqiqə oynadı. Mən onun nəyə qadir olduğunu bilirəm. Ruandada da onun bacarıqlarını görmüşdük. Amma təəssüf ki, məşqçi ona layiq olduğu kimi baxmır.
- Uzun müddətdir Azərbaycandasınız. Azarkeşlərə Azərbaycan dilində bir neçə söz demək istərdiniz?
- "Sabah bizik!". Çox sağ ol, Azərbaycan! Biz bunu bacardıq! Bu il ərzində bütün dəstəyə görə hər kəsə təşəkkür edirəm. Möhtəşəm şəhər, möhtəşəm insanlar. Çox sağ olun.


