Apellyasiya Arbitraj Tribunalı “Neftçi"nin Misli Premyer Liqasının XXIII turu üzrə “Turan Tovuz”a qarşı oyun barədə verdiyi apellyasiya şikayəti haqda qərar verib. 

Offsideplus.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalının qərarına əsasən apellyasiya şikayəti təmin edilməyib.

Həmin oyunda “Neftçi” komandasının azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi”nin 15000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 11 mart 2026-cı il tarixli qərarı öz qüvvəsində saxlanılıb.

Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.

 Bundan əlavə, “Çinar (Gəncə) klubunun (U-13 Liqası) “Çinar” (Gəncə) – “Yasamal” FM (Şəmkir) və “Çinar” (Gəncə) – “Qoşqar” (Gəncə) oyunları ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair aşağıdakı qərarlar qəbul edilib:

1. “Çinar” (Gəncə) klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. “Çinar” (Gəncə) klubu AFFA U-13 Liqasının Əsasnaməsinin 5.2-ci maddəsinin tələblərini pozaraq transfer pəncərəsinin qeyri-aktiv dövründə klubun qeydiyyatından keçirilmiş 4 oyunçu 7 mart tarixli “Yasamal” FM (Şəmkir) və 14 mart tarixli “Qoşqar” (Gəncə) komandalarına qarşı oyunlarda iştirak etdiyi üçün müvafiq oyunların nəticələri ləğv edilərək “Çinar” (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə AFFA İntizam Komitəsinin 18 mart 2026-cı il tarixli qərarı öz qüvvəsində saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.