"Sabah" klubunun Azərbaycan Kubokunu qazanması 2026/27 mövsümündə avrokuboklara vəsiqə əldə etmək istəyən komandalar üçün həlledici olub. 

Offsideplus.az xəbər verir ki, "Sabah" ölkə çempionu olaraq UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. 

Valdas Dambrauskasın baş məşqçilik etdiyi kollektivin AK-ni qazanmasından sonra Misli Premyer Liqasını ikinci yerdə başa vuracaq komandanın Avropa Liqasına yollanacağı dəqiqləşib. Mövsümün bitməsinə 2 tur qalmış hazırda turnir cədvəlində "Qarabağ" 63 xalla ikincidir. Ağdam təmsilçisi mövsümü ikinci yerdə başa vuracağı halda Avropa Liqasından mübarizəyə qoşulacaq.

"Turan Tovuz" isə 59 xalla üçüncü yerdədir və Avropa Liqasında iştirak etmə şanslarını hələ də saxlayır.

Konfrans Liqasına yollanacaq sonuncu komanda isə "Neftçi" və ya "Zirə" ola bilər. Komandaları bir-birindən cəmi 3 xal ayırır (müvafiq olaraq 53 və 50 xal). "Ağ-qaralar" mövsümü avrokuboklara vəsiqə qazanaraq uğurla başa vurmaq istəyir, lakin Rəşad Sadıqovun komandası da son tura qədər mübarizəni davam etdirəcək.