Sentyabrın 5-də paytaxtımızda keçiriləcək mötəbər "Alufar IRONMAN 70.3" triatlon turnirinə 62 ölkədən 1500-dən çox idmançının qatılacağı gözlənilir. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan bu yarışda 123 triatlonçu ilə təmsil olunacaq.

İdmançılar 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış mərhələlərində güclərini sınayacaqlar. Turnirdə fərdi mübarizə ilə yanaşı, 47 komandanın iştirakı ilə estafet yarışı da təşkil olunacaq. Mübarizənin yekununda ən aktiv üç klub mükafatlandırılacaq.

Kişilər və qadınlar arasında 13 yaş kateqoriyası (18-dən 84 yaşadək) üzrə keçiriləcək turnirdə ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-da təşkil olunacaq Dünya Çempionatına vəsiqə qazanacaq.

Yarış çərçivəsində sentyabrın 4-də uşaqlar üçün "IRONKIDS" (5-17 yaş), eləcə də həvəskarlar üçün 5 kilometrlik "Fun Run" kütləvi qaçışı da keçiriləcək.

Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq.