AFFA-nın baş katibi Cahangir Fərəcullayev bu gün İspaniyanın "Barselona" klubunun ölkəmizdə səfərdə olan rəsmilərini qəbul edib.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre və Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris qurumun inzibati binasına baş çəkiblər. 

Görüş zamanı “Barselona”nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlar AFFA-nın baş katibinə xatirə hədiyyəsi təqdim ediblər.

Qeyd edək ki, "Barselona" nümayəndələri dünən "ASCO Arena" və Mərdəkanda "Liv Bona Dea Arena"da olublar, stadionların vəziyyəti ilə tanış olublar.

Azərbaycanda "Barselona" futbol akademiyasının açılma ideyası bu ilin fevralında irəli sürülüb, martın 1-də isə klub prezidenti Xuan Laporta Bakıya təşrif buyuraraq, dövlət başçısı İlham Əlyevlə görüşdə bu məsələni müzakirə edib.