AFFA-nın baş katibi Cahangir Fərəcullayev bu gün daha iki bölgədə futbol obyektlərinə baxış keçirib.

Offsideplus.az xəbər verir ki, qurum rəsmisi Gəncə və Mingəçevirə baş çəkib.

C.Fərəcullayevi AFFA baş katibinin müavini Kamran Vəliyev və Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev müşayiət ediblər.

Onlar əvvəlcə FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş Məşq Mərkəzi və “Kəpəz” Futbol Akademiyasına, həmçinin orada salınmış iki təbii və bir süni örtüklü meydançanı nəzərdən keçiriblər.

"Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri akademiyada yaradılan şəraitlə bağlı məlumat verib.

Daha sonra Mingəçevirə səfər gerçəkləşib. AFFA rəsmiləri Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda yaradılan şəraitlə tanış olublar. “Mingəçevir” klubunun nümayəndələri stadiondakı son durumla bağlı qonaqları məlumatlandırıblar.

Qeyd edək ki, bundan öncə C.Fərəcullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Yevlaxa gedib, şəhər stadionu və "Karvan" klubunun bazasında olmuşdu.