Azərbaycan sərbəst güləş millisinin üzvləri Cəbrayıl Hacıyev və Ali Tsokayev Budapeştdə keçirilən reytinq turnirinin finalına yüksəliblər.
Offsideplus.az xəbər verir ki, 79 kq çəkidə mübarizə aparan Cəbrayıl Hacıyev qazaxıstanlı Şamsat Tahirə 2:0 hesabı ilə qalib gəlib. Azərbaycan güləşçisi yarımfinalda gürcüstanlı Luka Çxitunidzeyə 5:3 hesabı ilə qalib gələrək qızıl medal görüşünə vəsiqə qazanıb.
92 kq çəkidə çıxış edən Ali Tsokayev isə finaladək üç rəqibini məğlub edib. O, ABŞ-li Dastin Plottu 8:6, bəhreynli Maqomed Şaripovu 2:0 hesabı ilə üstələyib.
Tsokayev yarımfinalda türkiyəli Fatih Altunbaşa 11:0 hesabı ilə vaxtından əvvəl qalib gələrək finala yüksəlib.
Hər iki Azərbaycan təmsilçisi axşam seansında reytinq turnirinin qızıl medalı uğrunda mübarizə aparacaq.


