Yunan-Roma güləşi üzrə Azərbaycanın U17 millisi iyulun 27-dən avqustun 2-nə qədər Bakıda təşkil olunacaq dünya çempionatına hazırlığı böyük əzmlə davam etdirir.

Offsideplus.az xəbər verir ki, ​yeniyetmə güləşçilərimizin paytaxtdakı təlim-məşq toplanışını dəyərləndirən yığmanın böyük məşqçisi, dünya və Avropa çempionu Rafiq Hüseynov komandanın hazırkı durumunun olduqca sevindirici olduğunu bildirib:

"Ölkə çempionatından sonra hazırlıqlara Şamaxıda başladıq. Ardınca Özbəkistanın Buxara şəhərində təlim-məşq toplanışı keçdik və orada Türkiyədə baş tutan 'Zəfər kuboku' üçün heyəti formalaşdırdıq. Həmin yarışda fərqlənən idmançılarımız Avropa çempionatında ölkəmizi təmsil etmək şansı qazandılar. Qitə birinciliyinin ardından isə artıq sayca üçüncü toplanışımızdayıq."

​Dünya çempionatına qədər 10 toplanış keçiriləcək

​Təcrübəli mütəxəssis son hazırlıq mərhələsinin idmançıların optimal formaya çatmasına yönəldiyini vurğulayıb:

"Komandamız tam olaraq optimal hazırlıq səviyyəsindədir. Kiçik zədələrimiz olsa da, bunlar ciddi maneə yaratmır. Dünya çempionatına qədər ümumilikdə 10 təlim-məşq toplanışı keçmiş olacağıq. Bütün bu hazırlıq prosesləri Azərbaycan Güləş Federasiyası tərəfindən ən yüksək səviyyədə təşkil edilib. Bizə göstərilən maksimum dəstəyə görə təşəkkürümüzü bildiririk."