"İmişli"nin yeni loqosunun rəsmi təqdimat mərasimi və mətbuat konfransı keçirilib. 

Offsideplus.az xəbər verir ki, "Holiday Inn Baku" hotelində baş tutan tədbirdə klubun icraçı direktoru Aqşin Mürsəlov, PFL-in idman direktoru Elgiz Abbasov, FİF-in icraçı direktoru Tural Piriyev və baş məşqçi Fərid Namazov çıxış edərək jurnalistlərin suallarını cavablandırıblar.

Konfransda əvvəlcə yeni loqonun fəlsəfəsi açıqlanıb. İcraçı direktor Aqşin Mürsəlov bildirib ki, loqodakı "Pələng" gücü və iradəni, "Qalxan" isə müdafiə və birliyi simvolizə edir. Eyni zamanda, göy rəng "Araz" çayını və dərinliyi, qızılı rəng məhsuldarlığı və dəyəri, üzərindəki "22" rəqəmi isə klubun yarandığı 2022-ci ili ifadə edir.

Daha sonra klubun ev oyunlarını harada keçirəcəyi məsələsinə aydınlıq gətirilib. Klub rəsmiləri İmişli şəhərindəki stadionla bağlı danışıqların çətin keçdiyini vurğulayıblar. Bildirilib ki, İmişlidəki stadion "Həmkarlar İttifaqı"na, inzibati binası isə "MKT" şirkətinə məxsusdur və tələb olunan qiymət çox yüksək olduğundan ortaq razılığa gəlinməyib. Bu səbəbdən komanda növbəti mövsümdə ev oyunlarını standartlara cavab verən "Yevlax şəhər stadionu"nda keçirəcək.

Tədbirdə həmçinin komandanın yeni mövsümdəki hədəfləri və transfer siyasəti müzakirə olunub. Yenidən baş məşqçi postuna gətirilən, artıq "PRO" kateqoriyasına malik Fərid Namazov gənc mütəxəssis kimi ona göstərilən etimada görə rəhbərliyə minnətdarlığını bildirib. Onun sözlərinə görə, "İmişli"nin əsas hədəfi çempionatı ilk "altılıq"da başa vurmaqdır. Komandanın heyətinin formalaşdırılmasında isə əsasən yerli futbolçulara üstünlük veriləcək. Bununla belə, ötənmövsümkü bəzi legionerlərin qorunacağı və ehtiyac olan mövqelərə yeni əcnəbi oyunçuların cəlb ediləcəyi diqqətə çatdırılıb.