“Sabah” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-i mübarizədən kənarlaşdırdı.
Komandanın əsas qol silahı Coy-Lens Mikels həm bu görüş, həm də komandanın gələcək hədəfləri haqqında Offsideplus.az-ın sualların cavablandırıb:
- Oyun haqda fikirlərin necədir?
- Düşünürəm ki, oyuna çox yaxşı nəzarət etdik. İlk oyundan yaxşı nəticəmiz var idi, amma buna baxmayaraq, ikinci matçı da qazanmaq istəyirdik və buna nail olduq. Çoxlu qol epizodu yaratdıq və yəqin ki, daha çox qol da vura bilərdik. Əlbəttə, son dəqiqədə qol buraxmağımız bizi qane etmir, amma ümumilikdə yaxşı oyun göstərdik və növbəti mərhələyə yüksəlməyi tam haqq etdik.
- Avropa və Konfrans Liqasının təsnifat mərhələsində qollar vurmuşdun, artıq ÇL-də də bunu bacardın. Bu turnirdə qol vuranda fərqli hisslər keçirdin?
- Əlbəttə, Çempionlar Liqasında ilk qolumu vurmaq mənim üçün xüsusi hissdir. Buna görə çox sevinirəm, amma bundan da vacibi odur ki, biz qalib gəldik və növbəti mərhələyə yüksəldik. Bu, mütləq uzun müddət xatırlayacağım bir an olacaq və ümid edirəm ki, bunun davamı gələr, daha çox qollar vuraram. Mövsümdə ilk qolunu vurmaq hər zaman xüsusi hissdir.
- Növbəti rəqib “KuPS”dur. Rəqib haqda nə fikirləşirsən?
- Bilirik ki, “KuPS” yaxşı və rəqabətədavamlı komandadır. Onlar bunu Vardarla keçirdikləri hər iki oyunda göstərərək növbəti mərhələyə vəsiqə qazandılar. Əlbəttə, onlara hörmətlə yanaşırıq, amma öz keyfiyyətimizə də inanırıq. Onları təhlil edəcək və oyuna yaxşı hazırlaşacağıq. Məqsədimiz aydındır – Çempionlar Liqasında yolumuza davam etmək istəyirik və növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik.


