Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin U-15 Avropa çempionatı başa çatmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha iki üzvü fəxri kürsüyə qalxmağı bacarıb.

Sərbəst güləş yarışlarında mübarizə aparan Elvin Nəcəfzadə (85 kq) həlledici final görüşündə rusiyalı İbraqim Maqomedovla qarşılaşıb.

Gərgin və dramatik keçən qarşılaşmanın gedişində həmyerlimiz 1:4 hesabı ilə geridə olsa da, böyük əzmkarlıq nümayiş etdirərək möhtəşəm geridönüşə imza atıb. Son saniyələrdə ardıcıl xallar qazanan idmançımız 5:4 hesabı ilə qələbə çalaraq Avropa çempionu tituluna sahib çıxıb.

Qadınların mübarizəsində isə Gülay Xasməmmədova (36 kq) finalda digər Rusiya təmsilçisi Yelizaveta Kirillovaya "tuş"la məğlub olaraq gümüş medalla kifayətlənib.

Bu nəticələrdən sonra Azərbaycan güləşçilərinin qitə birinciliyində qazandığı medalların sayı 6-ya yüksəlib. Aktivimizdə hazırda 4 qızıl, 1 gümüş və 1 bürünc medal var.