Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-15 Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşində 3, qadın güləşində isə 5 çəki dərəcəsində finalçılar bəlli olub.

Günün ən uğurlu nəticəsinə Ülviyyə Musayeva (33 kq) imza atıb. O, polşalı İnes Şimçak və ukraynalı Viktoriya Pervaçuku "tuş"la (kürəyini yerə sıxaraq) məğlub edərək adını finala yazdırıb. Həmyerlimiz sabah qızıl medal uğrunda türkiyəli Yağmur Minazla qarşılaşacaq.

Digər təmsilçilərimizdən Mədinə Kərimova (46 kq) startda moldovalı Rusalina Portaruya uduzsa da (3:9), rəqibi finala yüksəldiyi üçün sabah təsəlliverici görüşdə xalça üzərinə çıxmaq şansı qazanıb. Nərgiz Cəfərzadə (39 kq) ukraynalı Sofiya Protsivaya gərgin döyüşdə minimal fərqlə (8:9), Ləman Əliyeva (54 kq) ukraynalı Tereza Tkaçişinə (0:10), Aylin Həsənli (62 kq) isə yunanıstanlı Elli Brousaya (1:6) məğlub olaraq mübarizəni dayandırıblar.

Klassiklərin mübarizəsində Fikrət Baxşəliyev (85 kq) 1/8 finalda türkiyəli Kerem Uzuna uduzsa da (0:5), rəqibinin finala vəsiqə qazanması sayəsində bürünc medal üçün təsəlliverici görüşə qatılacaq.

İbrahim Məmmədzadə (68 kq) ilk mərhələdə yunanıstanlı Angelis Perdikarisi 8:0 hesabı ilə darmadağın etsə də, 1/4 finalda rusiyalı Rustam Nexayla bacarmayıb (0:10). Süleyman Verdiyev (75 kq) isə ermənistanlı Arman Ginosyandan üstün olsa da (4:1), növbəti xalça qovşağında rusiyalı Ammar Mendoxova məğlub olub (2:10).