Formula 1-in dördqat çempionu, fransalı Alen Prost İsveçrədəki evində baş verən amansız quldurluq hadisəsi zamanı xəsarət alıb.

Offsideplus.az İsveçrənin "Blick" nəşrinə istinadən xəbər verir ki, hücum zamanı 71 yaşlı Prost başından yüngül xəsarət alıb, onun oğullarından biri isə ailə seyfini açmağa məcbur edilib və cinayətkarlar seyfdəkiləri götürərək qaçıblar.

Polis idarəsinin cümə axşamı yaydığı bəyanatda, Cenevrədən şimal-şərqdə yerləşən Nyon şəhərində yaşayan bir ailənin evində quldurluq hadisəsinin qurbanı olduğu bildirilir. Hadisə çərşənbə axşamı baş verib.

Genişmiqyaslı axtarış əməliyyatına baxmayaraq cinayətkarları hələ də yaxalamaq mümkün olmayıb.