Az öncə "Sabah" aparıcı futbolçularından olan Ramil Şeydayevlə yollarını ayırdığını açıqladı.

Offsideplus.az xəbər verir ki, "tələbələr"lə müqavilə müddəti başa çatan yığma üzvünün "Qarabağ"a keçəcəyi gözlənilir. Ağdamlıların bir neçə dəqiqə əvvəl sosial şəbəkə hesabında "Sabaha saxlamırıq. Bu gün açıqlayacağıq" paylaşımı da Ramilin keçidindən xəbər verir.

Həmin cümlədə "sabah" sözünün işlənməsi, üstəgəl, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Sumqayıt"la dünənki yoldaşlıq görüşündən sonra (3:1) legioner transferində çətinliklə üzləşdiklərini dilə gətirməsi adamı Şeydayevin yenidən "köhlən atlar"ın uğurları üçün tər tökəcəyinə inanmağa məcbur edir. 

Məsələ ilə bağlı səbəbkarın fikrini öyrənməyi lazım bildik. Ramilə ünvanladığımız "Qarabağ"a keçəcəyinlə bağlı deyilənlər həqiqətdirmi" sualına cavabı qısa oldu: "Hələ heç nə deyə bilməyəcəyəm. Gözləyək".

Qeyd edək ki, 25 yaşlı hücumçu 2017-18 mövsümündə ağdamlıların heyətində keçirdiyi 19 oyunda 1 qol vurmuşdu.