"Avropa çempionatından bir ay öncə Xorvatiyada keçirilən beynəlxalq turnirdə zədə aldım. Qulağımdan əməliyyat olundum. Qitə birinciliyində iştirak edib-etməyəcəyim sual altında idi. Müalicə prosesi br az vaxt apardı".
Offsideplus.az xəbər verir ki, bu sözləri ardıcıl 3-cü dəfə Avropa çempionu tituluna yiyələnən yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) deyib.
Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatı barədə təəssüratlarını bölüşən idmançımız bu uğura nail olmağın çətinliyindən danışıb: "Əməliyyat olunsam da, həkim qulağımı sarıyırdı, məşqlərimə davam edirdim. Avropa çempionatı kənardan asan görünə bilər. Amma məsələnin görünməyən tərəfləri var. Çəki salmaq, çempionatda xalça üzərinə çıxana qədər daimi məşqlər etmək - bunlar hamısı pərdəarxası məqamlardır. Allah şükür olsun ki, əziyyətimiz yerdə qalmadı. Ardıcıl 3-cü dəfə Avropa çempionu oldum".
H.Cəfərov dünya çempionu olmaq niyyətini gizlətməyib: "Hələlik dünya çempionu olmamışam. Bir dəfə 2-ci, bir dəfə isə 3-cü yeri tutmuşam. Qarşıdakı dünya çempionatına daha yaxşı hazırlaşağacam. Hər çıxışımdan sonra öz-özümə deyirəm ki, nəticəm azdır. Rekord qırmaq lazımdır. Şəxsi kolleksiyamda olmayan medallar qazanmaq, qarşıdakı məsul yarışlarda qalib gəlmək istəyirəm".
60 kq çəki dərəcəsində Avropa çempionu olan Nihat Məmmədli isə bunları deyib: "İkinci dəfə Avropa çempionu oldum. Məni təbrik edən, dəstək olan, dualar edən, yanımızda olan hər kəsə təşəkkürümü bildirirəm. Bu qələbəni bütün xalqımıza həsr edirəm. Allah hər birinizdən razı olsun. İnşallah, bundan sonrakı yarışlarda da bayrağımızı ucalara qaldırıb, xalqımızı sevindirərik".
Qeyd edək ki, yunan-Roma güləşçilərimiz Avropa çempionatında 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanbılar.