"Sumqayıt" U-17 komandasının baş məşqçisi Kənan Hacıyev Offsideplus.az saytına müsahibə verib:
- Komandada işlər necə gedir?
- Hazırkı nəticələrimizi qənaətbəxş hesab etmək olar. Məni sevindirən əsas məqam odur ki, uşaqlarda xarakter formalaşır – məğlub olmağı qəbul etmək istəmirlər. Nəticədən asılı olmayaraq əsas məqsədimiz onların gələcəkdə böyük futbol oynamasıdır. Bununla belə, daim məğlub olaraq inkişaf etdiklərini demək də düzgün olmaz. Onlar qalib ruhda yetişməlidirlər. Bildiyiniz kimi, 17 yaş elə bir dövrdür ki, onlar artıq böyük futbolun astanasındadırlar. Əlimizdən gələni edirik ki, onların yaxşı futbolçu kimi formalaşmasında pay sahibi olaq və gələcəkdə oyunçularımız milli komandanın şərəfini qorusunlar.
- Millidən söz düşmüşkən, U-17 yığmamızın heyətində "Sumqayıt" yetirmələri özünü necə göstərir?
- U-17 yığmasında Kamal Zülfiyev əsas hücumçulardan biridir. Bundan başqa, bir neçə futbolçumuz da var ki, növbəti toplanışlarda milli komandaya dəvət alacaqlarına ümid edirik.
- “Sumqayıt” klubunun əsas üstünlüklərindən biri bütün komandanın vahid bazada yerləşməsidir. Yəqin ki, dəhlizdə əsas komandanın məşqçilərini, futbolçularını görmək aşağı yaş qrupları üçün böyük stimuldur...
- Əlbəttə. Ən böyük üstünlüklərimizdən biri kollektivin birliyidir. “Sumqayıt”da pərakəndəlik yoxdur. Əsas komandanın oyunçuları ilə eyni məkanda olmaq belə aşağı yaş qrupları üçün böyük motivasiyadır.
Ümumiyyətlə, böyük yaş qrupları əsas komandanın məşqçilərinin nəzarətindədir. Onlar məşqlərimizi izləyir, futbolçularımızı daim diqqətdə saxlayırlar. Bu isə uşaqlar üçün böyük stimuldur. Məqsədimiz onları əsas komandaya qazandırmaqdır. Futbolçularda da bu istəyi və əzmi görürük. Onlar görürlər ki, hazırda əsas komandada çıxış edən Nadir Orucov, Vüsal Paşayev və Səbuhi Abdullazadə kimi oyunçular bu yolu keçiblər.
- 17 yaş da daxil olmaqla bu yaş aralığı insan həyatının ən çətin mərhələlərindən hesab olunur. Hətta bir çox futbolçunun karyerasında qırılma nöqtəsi məhz bu dövrlərə təsadüf edir. Maraqlıdır ki, siz bu mərhələdə futbolçulara necə dəstək olunursunuz?
- Bu dövrü hər futbolçu fərqli keçirir: biri daha sakit, digəri daha emosional, digəri isə əsəbi. Biz çalışırıq ki, hər birinə fərdi yanaşaq. Komanda daxilində fərdi inkişaf da diqqət mərkəzindədir. Nəticədən daha önəmlisi məhz budur. Eyni zamanda, təhsilə də böyük önəm veririk. Məşqləri elə planlaşdırırıq ki, futbolçuların dərslərinə mane olmasın. Savadlı və təhsilli futbolçu meydanda daha düzgün və çevik qərarlar verir. Müntəzəm olaraq onların müəllimləri və sinif rəhbərləri ilə əlaqə saxlayır, davamiyyət və təhsil göstəricilərini izləyirik. Onu da qeyd edim ki, Akademiyada hər yaş qrupunun özünəməxsus məşq strategiyası var. Məsələn, 10 yaş qrupu ilə 17 yaş qrupunun məşqləri həm texniki, həm taktiki, həm də fiziki baxımdan fərqlənir. U-10-da əsas diqqət texniki bacarıqlara yönəldilirsə, yaş artdıqca taktiki və fiziki hazırlıq ön plana keçir. 17 yaşına çatmış futbolçunun artıq müəyyən texniki bazası formalaşmış olur. Bu mərhələdə biz daha çox kompleks hazırlığa üstünlük veririk ki, əsas komandaya keçid zamanı çətinlik yaşanmasın.
U-17 və U-19 artıq böyük futbola çox yaxındır. Burada həm fərdi, həm də komanda şəklində taktiki davranışlar, sürətli düşünmə və düzgün qərarvermə üzərində çalışırıq. Futbol sürətli və dinamik oyundur, buna görə də oyunçuların tez qərar verməsi vacibdir. Komanda ruhunun formalaşdırılması da bizim üçün önəmlidir. Futbolçular “Sumqayıt” kimi böyük bir şəhəri təmsil etdiklərinin məsuliyyətini dərk etməlidirlər.

- Bildiyim qədərilə çempionluq uğrunda mübarizə aparırsınız...
- Bəli, hazırda yüksək yerlər uğrunda mübarizə aparırıq.
- Mövsümün sonuna az qalıb. Sizcə, qarşıya qoyulan hədəfə nail ola biləcəksiniz?
- Hələ də şanslarımız var. Mövsümün sonuna qədər mübarizəni davam etdirəcəyik. Bununla belə, bizim üçün çempionluqdan daha vacib olan düzgün inkişaf istiqamətidir. Əgər sonda çempion olsaq, nə gözəl. Ancaq bizim üçün prioritet futbolçu yetişdirməkdir.
- Bəs bu yolda sizə mane olan problemlər nədir?
- Əsas problemlərimizdən biri infrastrukturla bağlıdır. Bundan əlavə, oyunların bəzən həftə içi keçirilməsi təhsilə də mənfi təsir göstərir. Nəticə etibarilə, ən böyük problemlərdən biri məhz stadionların vəziyyətidir. Aşağı yaş qrupları bəzən elə stadionlarda oynayırlar ki, bu meydançalar təhlükəlidir. Hətta hakimlərin zədə alması ehtimalı belə yüksəkdir. Futbolçu bir zədəyə görə 5-6 ay futboldan uzaq qalır. Biz əlbəttə ki, onların müalicə və reabilitasiyasına dəstək oluruq, lakin əsas sual budur: niyə futbolçu belə bir şəraitdə oynayıb zədə almalıdır?


