Mesut Özil uzun müddət davam edən səssizliyini pozaraq, "Arsenal"dan ayrılma səbəbləri ilə bağlı şok etiraflar edib.

Offsideplus.az xəbər verir ki, Almaniya yığmasının sabiq üzvü sosial şəbəkə hesabında uyğur türklərinə qarşı törədilən soyqırımı pisləyən paylaşımından sonra London klubunun ona qapıları bağladığını bildirib.

Karyerasının həmin çətin dövrü barədə danışan Özil bunları deyib:

"Bir ulduz olaraq səsim var idi və müəyyən məsələlər haqqında danışmalı olduğumu bilirdim. O paylaşımı etsəm, "Arsenal"la problem yaşayacağımı anlayırdım. Amma bu, vecimə deyildi, paylaşım etdim və buna görə xoşbəxt idim. Nəticədə isə onlar qapıları üzümə bağladılar və bir daha oynamağıma icazə vermədilər".

Futboldan uzaqlaşdırılmağının ona ağır təsir etdiyini bildirən keçmiş pleymeyker, ailəsinin dəstəyi ilə ayaqda qaldığını vurğulayıb:

"Çox çətin idi, çünki mən futbol oynamaqdan həzz alırdım, onlar isə bunu mənim əlimdən aldılar. Həmin vaxt yanımda həyat yoldaşım və uşaqlarım olduğu üçün Allaha şükür edirəm".

Qeyd edək ki, Özil 2013-2021-ci illərdə "topçular"ın şərəfini qoruyub. O, buradakı son dönəmində əsas heyətdən kənarda qalaraq komandadan ayrılmağa məcbur olmuşdu.